ZİYA SƏDRİN QARABAĞ HAQQINDA FİKİRLƏRİNƏ DAİR

Ziya Sədrül-Əşrafinin: "Güney Azərbaycanlıların ermənilərlə problemi yoxdur, yalnız Quzey Azərbaycanlıların var, o da bizi maraqlandırmaz" – şəklində sözləri bir neçə dəfə GünAz TV ekranlarından səsləndi. Ziya Sədrə görə, ermənilər Güney Azərbaycanın hər hansı bir ərazisini işğal etməyiblər, buna görə də Güney Azərbaycan üçün problem sayılmazlar. Başqa sözlə, Milli Hərəkatın içindəki Qarabağ həssaslığı zərərli, mənasız və yanlışdır. Güney Azərbaycanın özünə aid olmayan problemlərin tərəfinə çevrilməsi doğru olmaz.
Ziya Sədrül-Əşrafinin yuxarıda xülasəsini verdiyim düşüncələrini müxtəlif bucaqlardan təhlil etmək mümkündür. "Ziya Sədr bu fikirləri niyə söyləyir və niyyəti nədir?" məsələsini analiz etmək bu yazının hədəfi deyil. Çünki demokratiyalarda niyyət oxumaq və niyyət əsasında mühakimə yürütmək doğru sayılmaz. Meyar insanların əməlidir. Ancaq İrandakı rəsmi islam anlayışı həm niyyətin, həm də əməlin "saleh" olmasını əsas götürür. Bu da müasir demokratik prinsiplərə ziddir.


İnsan haqları, beynəlxalq hüquq, qloballaşma və Qarabağ məsələsi

Ziya Sədr özünü demokratiya, insan haqları və beynəlxalq hüquq normalarının tərəfdarı kimi göstərir. Haqlı olaraq da, bunların icra olunmasının qızğın tərəfdarlığını edir. Qarabağ məsələsinə ilk olaraq, insan haqları və beynəlxalq hüquq normaları əsasında baxmaq lazımdır. BMT-nin 822 (1993), 853 (1993) və 874 (1993) saylı qətnamələrində Qarabağın Azərbaycan torpağı olması təsdiqlənib. BMT-nin qərarlarına görə, Qarabağ Azərbaycan torpağıdır. Qarabağ münaqişəsində ermənilər Xocalı faciəsi kimi soyqırımı sayıla biləcək çoxlu sayda insani cinayətlər işlətdilər. Ermənilər özlərinə aid olmayan torpağı insani cinayətlər törədərək işğal etdilər. Bu vəziyyətə qarşı olmaq əxlaqi və insani bir vəzifədir. Qarabağ məsələsində Azərbaycanın yanında olmaq üçün türk və ya azərbaycanlı olmağa ehtiyac yoxdur. İnsan haqlarına və beynəlxalq hüquq normalarına inanan hər kəs Azərbaycanın yanında olmalıdır. Güney Azərbaycan Milli Hərəkatı Qarabağ məsələsində Azərbaycanı himayə etməklə, ilk növbədə insan haqlarına və beynəlxalq hüquq normalarına bağlılığını yerinə yetirir.
Bizim yaşadığımız əsrdə qloballaşma meylləri güclü, sürətli və geniş şəkildə özünə göstərməkdədir. Qloballaşma prosesi istər-istəməz bizi həm dünya, həm də regional gəlişmələrə daxil edir. "Mənə nə?" deyə biləcəyimiz bir dünya artıq yoxdur. Dünyada hər şey bizi maraqlandırır. Evimiz Yer kürəsi qədər geniş olub. Ona görə bütün dövlətlər bir-birinin işinə qarışırlar. Braziliya ilə İran arasında coğrafi məsafə böyükdür, ancaq Braziliya İranda baş verən hər şeylə maraqlanır, ona qarışır və onu istədiyi istiqamətə çəkmək istəyir. Bu çərçivədən baxdıqda, Güney azərbaycanlıların Qarabağ kimi strateji əhəmiyyətə malik bir hadisəyə laqeyd qalması qloballaşmış müasir dünyamızda nə mümkündür, nə də doğrudur.

Qarabağ əxlaqi məsələmizdir

Hamı bilir ki, ermənilər Qarabağı Rusiya və İranın himayəsi ilə ələ keçirib. İran və Rusiyanın himayəsi olmasaydı, ermənilərin Qarabağı işğal etməsi mümkün deyildi. “İran Ermənistanı niyə himayə elədi və eləyir?" – sualı əhəmiyyətlidir. İran Quzey Azərbaycanın güclənməsini və Güney Azərbaycan üçün cazibə mərkəzi olmasını istəmir. İran Qarabağ münaqişəsində Ermənistan himayə edərək, Azərbaycanı zəiflətməkdə, onun oyun sahəsini daraltmaqda və müstəqil hərəkət imkanlarını əlindən almaqdadır. Güney Azərbaycan İranın Qarabağ münaqişəsindəki siyasətinin müəyyənləşdirici faktorudur. İran Qarabağ münaqişəsində Ermənistanı himayə etməklə, təkcə Quzey azərbaycanlıları deyil, eyni zamanda Güneyliləri də cəzalandırır. İran Güney Azərbaycanı boğmaq üçün Quzey Azərbaycanı zəiflətmək istəyir. Başqa sözlə ifadə etsək, əslində Quzey azərbaycanlılar Güney Azərbaycanda yaşayan azərbaycanlıların kötəyini yeyir. İran Güney azərbaycanlıları əzmək üçün Qarabağ məsələsində erməniləri himayə edirsə, biz milliyyətçi olmasaq da, əxlaqi baxımdan Azərbaycanı müdafiə etməliyik. Buradan çıxış etsək, hər bir Güney azərbaycanlı üçün Quzey Azərbaycanı İranın zərərlərindən qorumağın milli-milliyyətçi vəzifənin kənarında əxlaqi və insani vəzifə olduğunu söyləyə bilərik. "Məndən ötrü zərər çəkən biri varsa, ya ona zərər verənin qabağını almalıyam, ya da onun zərərlərinə şərik olmalıyam" – Güney Azərbaycanın Qarabağ münaqişəsindəki mövqeyini təyin edən əxlaqi prinsip budur.

Kimlik müzakirələri və Qarabağ

Cinsiyyət, irq, din, etnik mənsubiyyət və milli kimlik məfhumları bu gün sosial elmlərdə qurucu və mərkəzi məfhumlardan sayılır. Kimlik və hüviyyət məsələsi təkcə daxili siyasəti şəkilləndirməklə qalmır, eyni zamanda xarici siyasətin formalaşmasında da həlledici rol oynayır. Kimlik bütün ölkələrin xarici siyasətinin əsasını və özülünü təşkil edən faktorlardan biridir. Avropanın xarici siyasəti Avropalılıq əsasında şəkilləndiyi kimi, Amerikanın xarici siyasəti də Amerikalılıq əsasında formalaşmışdır. Kimlik və hüviyyət xarici siyasətin ayrılmaz parçasıdır. Son zamanlarda akademik dairələrdə xarici siyasət və kimlik arasındakı əlaqəyə dair araşdırmaların sayında nəzərə çarpan artım görünməkdədir.
Qarabağ münaqişəsinə kimlik ünsürünün necə təsir qoyduğunu izah etmək mümkündür. Rusiya, Fransa, Amerika və ümumiyyətlə, Qərbin Qarabağ münaqişəsindəki mövqeyində müsəlmanlıq və xristianlıq ayrı-seçkiliyinin təsirini görmək çətin deyil. Bu günkü vəziyyət tərsinə olsaydı və Ermənistanın torpağı Azərbaycan tərəfindən işğal edilsəydi, Qərbin mövqeyi daha çox sərt olardı. Bəlkə də Azərbaycana qarşı hərbi müdaxiləyə təşəbbüs belə edərdi. Azərbaycan hüquqi cəhətdən bütün sahələrdə qazandığı halda, əməldə Rusiya və Qərbin Ermənistan siyasətini dəyişdirə bilmir. Bunun arxasında xristianlığın əhəmiyyətli bir amil olduğunu unutmamaq lazımdır. İranın Qarabağ siyasəti də fars milliyyətçiliyi əsasında şəkillənmişdir. Fars kimliyinin özünü türk/Azərbaycan əleyhdarı kimi müəyyənləşdirməsi, ermənilərlə tarixi və geopolitik ortaqlıq duyğusu İranın Qarabağ siyasətinin özülünü təşkil edir. Unutmamaq lazımdır ki, Qarabağ məsələsində İrandakı hakimiyyət və müxalifət arasında eynilik vardır.
İndi bu nöqtədə "biz kimik?" sualını soruşmaq lazımdır. Biz Azərbaycan türküyük. Bizim azərbaycanlı kimliyimiz bizi dünya azərbaycanlılarına bağlayır, türk kimliyimiz isə türk dünyasına. Qarabağ Azərbaycanın ən qədim torpaqlarından sayılmaqdadır. Üstəlik, Qarabağ coğrafi özəlliyi və Azərbaycanın mədəniyyət və tarixində oynadığı rol üzündən də azərbaycanlı kimliyində mərkəzi əhəmiyyət daşımaqdadır. Assimilyasiya siyasəti nəticəsində Qarabağın Güney azərbaycanlıların zehnində lazımi qədər yer tutmadığı aydındır. Güney azərbaycanlılar içərisində milli kimlik mübarizəsi yüksəldikcə, assimilyasiya azaldıqca və insanlar öz milli kimliklərinə geri döndükcə, Güney azərbaycanlıların şüurunda Qarabağ məsələsi mərkəziyyət qazanır. Qarabağın mərkəziyyət qazanması qaçılmazdır, buna maneə törədilməsi isə nə mümkündür, nə də doğrudur.
Sədrül-Əşrafi özünü federalist kimi təqdim edir. O, İranda azərbaycanlıların federal bir rəhbərlik modeli içində özlərini idarə etməsi təklifini irəli sürür. Belə bir siyasi strukturun Qarabağ məsələsinə laqeyd qalacağını düşünmək nə istədiyini bilməmək anlamına gəlir. Güney Azərbaycandakı Milli Hərəkatın inkişaf prosesi federal, istiqlal, mədəni haqlar və ya hər hansı bir modelə doğru gedirsə-getsin, Qarabağ məsələsi mərkəzi rol oynayacaqdır. Çünki Milli Hərəkat içində Azərbaycan-Türk kimliyi İran kimliyinin altçoxluğu kimi deyil, müstəqil və İranı istisna edən bir məfhum şəklində təzahür edir. Ziya Sədrül-Əşrafi isə Azərbaycan-türk kimliyini İran kimliyinin altçoxluğu və onu təşkil edən ünsürlərdən biri kimi görmək istəyir. Ancaq bu arzunun reallaşması nə mümkündür, nə də doğrudur.

Milli Hərəkatın yüksəlişi ilə Qarabağ münaqişəsinin eynivaxtlılığı

Sədrül-Əşrafi Qarabağ münaqişəsinin Güney Azərbaycan Milli Hərəkatının ortaya çıxışı və yüksəlişindəki əhəmiyyətini nəzərə almır. Qarabağ məsələsi Milli Hərəkatın meydana gəlməsinin emosional zəminini təşkil edib. Qarabağ müharibəsinin davam etdiyi dövrdə Güney Azərbaycan qaynayırdı. Hara getsəydin, Qarabağdan bəhs edilərdi. Milli Hərəkatın ilk təşkilatları o dövrdə quruldu. İlk tələbə hərəkatı Qarabağda hərbi münaqişə dövründə təşkilatlandı. 1981-ci ildən sonra İranda rejim əleyhinə ilk nümayiş 1991-92-93-cü illərdə Təbriz, Urmiya və Tehranda Qarabağ münaqişəsi ilə əlaqədar keçirildi. Qarabağ münaqişəsi Milli Hərəkatı yaradan, genişlənməsinə kömək edən və onun söyləmlərinin dərinləşməsinə imkan verən başlıca amillərdən biridir. Qarabağ münaqişəsi Milli Hərəkatın əsas məsələlərindən biridir.

Cilovluq hadisəsi və biz

"Ermənilərin Güney azərbaycanlılarla ixtilafı yoxdur" – sözü bəsit, tarixi qaynaqdan məhrum və ermənilərin həqiqi simasını tanımamaqdan irəli gəlməkdədir. Cilovluq hadisəsini unutmamışıq. Ziya Sədr kimi adamlar: "O, keçmişdə olub, indi onu gündəmə gətirməyin mənası yoxdur" – deyə bilərlər. Onda onlardan soruşmaq lazımdır: "Ermənilər 1915-ci il hadisələrindən niyə əl çəkmirlər?" Tarixi hadisələr yalnız tarixin qəbiristanlığında qalacaqsa, onda ilk növbədə ermənilərin o tarixi nifrət, kin və düşmənlikdən təmizlənmələri lazımdır. Niyə bizim başımıza gələnlər tarix olur, ermənilərin başına gələnlər isə indiki vaxtda qanunlara çevrilir?! Yəhudi soyqırımı tarix olmadığı kimi, Cilovluq hadisəsi də yalnız tarix olmamalıdır. 1946-cı ildə Azərbaycan Milli Hökuməti yıxıldıqdan sonra on minlərlə azərbaycanlı öldürüldü, didərgin düşdü, sürgün edildi və həyatları məhv oldu. Bütün bu faciələri yalnız tarixin soyuq səhifəsinə basdırıb yola davam etmək müasir insani dəyərlərə ziddir. Qərb öz tarixi faciələrini tarixin qəbiristanlığına gömmür, onunla üzləşir, özünün çirkin keçmişini görə bilir, o hadisələrdən çıxardığı dərslər üzərində bu gününü və gələcəyini qurur. Cilovluq hadisəsini yalnız tarixi hadisə kimi görən insan Qərbdə yaşadığı halda, Qərbi tanımır. Onun şüurunu, dəyərlərini və meyarlarını mənimsəməyib. Bu tarixi təcrübəmizlə yanaşı, ermənilər “Böyük Ermənistan” xülyası çərçivəsində Güney Azərbaycanın böyük bir hissəsinə göz dikib. Bu gün onların bu arzularına çatmalarının mümkün olmaması bizim bu məsələyə əhəmiyyət verməməyimiz anlamına gəlməz.

Erməni diasporu və Qarabağ

Sədrül-Əşrafinin: "Güney azərbaycanlıların Qarabağ məsələsi ilə nə işi var?" – sözünün nə qədər bəsit, dayaz və səhv olduğunu göstərmək üçün ermənilər və kürdlərdən də nümunə vermək yerinə düşər.
Tehrandakı ermənilər hər il aprelin 24-də Türkiyə əleyhinə mitinq keçirirlər, Türkiyənin bayrağını yandırıb türklər əleyhinə şüarlar verirlər. İrandakı ermənilərə "Osmanlıdakı ermənilərin işinə niyə qarırşırsınız?" və ya "Qarabağda baş verənlərdən sizə nə?" desəniz, nə söyləyəcəklərini təxmin etmək çətin deyil: "Ermənilər harada olursa-olsunlar, eyni və birdirlər". İrandakı ermənilərin Qarabağ münaqişəsində Ermənistanın xeyrinə nə qədər aktiv və fəal olduqlarına yüzlərlə nümunə vermək mümkündür. Avropada və Amerikadakı erməni diasporu üzvlərinin yüzdə neçə faizi bu gün Ermənistan kimi tanınan ölkədəndir. Erməni diasporunun Qarabağ münaqişəsində Azərbaycana nə qədər zərər verdiyini açıqlamağa ehtiyac yoxdur. Erməni diasporunun nümayəndələri: "Biz ermənistanlı deyilik, Qarabağdan bizə nə?" – demirlər. Qərbdə güclü olan erməni diasporu İran rejiminin ən böyük himayəçisi kimi tanınır. Erməni diasporu İranın Ermənistanın təhlükəsizliyi baxımından həyati dərəcədə əhəmiyyət daşıdığını bilir.
Kürdlər dörd ölkədə yaşayırlar: İraq, İran, Suriya və Türkiyə. Bunların bir-birlərinə yönəlik həssaslığı çox yüksəkdir. PKK yalnız türkiyəlilərdən ibarət deyil, eyni zamanda Suriya və İrandan bir çox kürd o təşkilatın içində yer almaqdadır. İrandakı Kürdüstan Demokrat Partiyası Türkiyədə gedən kürd ayrılıqçı/milliyətçi hərəkatı ilə çox yaxından maraqlanmaqdadır. Abdullah Öcalan tutulub Türkiyəyə gətiriləndə, İrandakı kürdlərin etiraz etdiklərini, ortalığı qarışdırdıqlarını və rejim qüvvələri ilə toqquşduqlarını bilirik. Ziya Sədr də bunların hamısını bilir. Ziya Sədrül-Əşrafinin İKDP (İran Kürdüstan Demokrat Partiyası) ilə yaxından işbirliyi var. "Qarabağdan bizə nə?" – deyə bilən Ziya Sədr İKDP-nin rəhbərlərindən: "Türkiyə, Suriya və İraqdakı kürdlərdən sizə nə?" – şəklində bir sual soruşmağa cürət etsə, onların nə deyəcəyini təxmin etmək çox da çətin deyil. Onun: “Kürdlər harada olursa-olsunlar, eyni və birdirlər" – cavabını alacağı qətidir.

Son söz

Ziya Sədr Milli Hərəkatı tanımadığı kimi, siyasəti də bilmir, Qərbi də yaxşı tanımır. Xarici və təhlükəsizlik siyasətinin mürəkkəbliyini nəzərə almır. Siyasət, sosiologiya, kulturologiya, psixologiya və s. kimi akademik elm sahələrindəki mübahisələrdə kimlik məsələsinin qurucu ünsürlərdən biri olduğunu da unudur. Bütün bunlarla birlikdə, işin kədərli tərəfi odur ki, Ziya Sədr Azərbaycan millətinə köməkçi olmaq yerinə, ona yük olur. Problem həll edən olmaq əvəzinə, özü problem olur.

01 oktyabr 2010, Ankara