Güney Azərbaycanlı tədqiqatçılardan birinin tapıb üzə çıxardığı sənəddən aydın olur ki, Qazi Mustafa Kamal Paşa Atatürk öz ölkəsinin xarici işlər nazirini Parisə göndərməklə, Ankaranın İranda qacar türklərinin hakimiyyətini qoruyub saxlamaq üçün hər cür dəstəyi göstərməyə hazır olduğunu rəsmən Əhməd şah Qacara bildirmişdir. Bu sənədə əsasən, Türkiyənin o zamankı xarici işlər naziri Tofiq Rüşdi bəy Atatürkün adından Əhməd şaha türk dilində təklif etmişdir ki, Pəhləvi qiyamını yatırmaq üçün təcili şəkildə Ankaraya gəlib türk qoşununun müşayiəti ilə Tehrana yollansın. Bu sənəd 1942-ci ildə İranın Ankaradakı səfiri tərəfindən Tofiq Rüşdi bəylə söhbət əsasında hazırlanaraq məlumat üçün Tehrana – Pəhləvi sarayına göndərilmşdir. Həmin səfir şovinist aripərəst rejim tərəfindən bu vəzifəyə təyin olunduğundan, onun sözügedən təklifə Əhməd şahın reaksiyası ilə bağlı müəyyən təhrifə yol verdiyi nəzərə alınmalıdır.

Sənədin mətni:

Mən Atatürkün dövründə Türkiyənin xarici işlər naziri olmuş Tofiq Rüşdi bəylə Cenevrədə dostlaşmışdım. O, istiqanlı və yaxşı bir adam idi. Biz bir neçə il (1932) Cenevrədə Millətlər Liqasında birgə çalışmışdıq. Mən İranın Ankaradakı səfiri vəzifəsinə təyin olunduqda (1942) bu tanışlıq və ya dostluqdan xeyli illər keçmişdi. Həmin vaxt o işsiz idi, Atatürk də yox idi. Bir gün o, səfirliyə gəldi və söhbət əsnasında onun xarici işlər naziri olduğu vaxtlardan, Əhməd şahla münasibətlərindən və Atatürkün İran şahına xəbər göndərməsindən söz düşdü. Mən onun sözlərini artırıb-əskiltmədən nəql edirəm:Adı çəkilən şəxs dedi ki, Qacar sülaləsi türk olduğuna görə Atatürk Əhməd şahın işlərinin pisləşməməsini və onun hakimiyyətdə qalmasını çox istəyirdi. O zaman Əhməd şah Fransada idi. Mən ona (Atatürkə – M.M.) dedim ki, qoy gedib Əhməd şahla görüşüm və ondan xahiş edim ki, iş işdən keçməmiş mümkün qədər tez İrana qayıtsın. Mən Parisə yollandım və həmin vaxt Nissada olan Əhməd şaha teleqrafla bildirdim ki, Atatürkdən təcili xəbər gətirmişəm. Əhməd şah cavab verdi ki, mən bir neçə gündən sonra Lozannada olacağam və orada sizinlə görüşə bilərəm. Mən təyin edilmiş gündə Lozannaya getdim və Əhməd şahın oradakı mənzilinə yollandım. O elə həmin gün məni qəbul etdi. Cənab Ərfəüd-dövlə və İranın Parisdəki nümayəndəsi Əmu xan da orada idi. Biz müzakirəyə başladıq. Bütün söhbətimiz türk dilində gedirdi, çünki onların hər üçü bir türk kimi türkcə danışırdı. Mən dedim ki, Atatürk sizə salam göndərir və çox arzulayır ki, əlahəzrət mümkün qədər tezliklə İrana qayıtsın. O belə düşünür ki, əlahəzrətin Fransada həddən çox qalması və orada (İranda – M.M.) yaranmış vəziyyət daha çox problemlər yaranmasına gətirib çıxara bilər.Əhməd şah cavab verdi ki, mən özüm tezliklə qayıtmaq fikrindəyəm. Mən dedim ki, Atatürk əlahəzrətin Ankaradan keçməklə İrana qayıtmasını istəyir. Dedi: «Çox yaxşı». Söhbət bu yerə çatanda mən əlavə etdim ki, Atatürk bir qoşun korpusunu əlahəzrətin ixtiyarına verməyə hazırdır: qoy bu korpus əlahəzrətlə birgə Tehrana getsin, səltənətin müxaliflərini hakimiyyətdən uzaqlaşdırsın və vəziyyət normallaşdıqdan sonra əlahəzrət onu müşayiət edən qoşunu geri göndərsin.Gördüm ki, Əhməd şahın sifəti dəyişdi. «Mən sizin türkcəni başa düşmürəm» - dedi, halbuki o ana qədər biz türk dilində yaxşıca söhbət edirdik. Yuxarıdakı mətləbi dərhal fransızca təkrar etməyə məcbur oldum. Əhməd şah əsəbiləşib dedi: «Atatürkə deyin ki, İran padşahı heç vaxt əcnəbi qoşunla öz ölkəsinə qayıtmayacaq». Dərhal söhbəti bitirdim və o, otaqdan çıxdı.Rüşdi bu yerdə əlavə etdi ki, məhz Əhməd şahın bu sərt rədd cavabından sonra Atatürk Rza xanın lehinə məşhur bəyanatını verdi.

Farscadan çevirəni: Məsiağa Məhəmmədi