Bu yaxınlarda Mərakeşdə qəribə bir məhkəmə prosesi keçirilib: 29 yaşlı Məhəmməd ər-Raci öz bloqunda yazdığı sözlərə görə iki il həbs cəzasına məhkum olunub və 626 dollar cərimə edilib.
İttihama əsasən, bu gənc «Hespress» adlı saytdakı bloqunda Mərakeş kralı VI Məhəmmədi təhqir edib. O yazıb ki, kral mərakeşliləri ləyaqət hissindən məhrum varlıqlara çevirib və onları hökumətin verdiyi «tulapayı» yardımlar hesabına yaşamağa öyrəşdirib. Məsələn, hökumət vətəndaşlara taksi sürmək üçün lisenziya paylayır və bununla da onlarda işləmək, çalışmaq duyğusunu öldürür.
«Röyters» agentliyinin bildirdiyinə görə, ər-Racinin məhkəməsi cəmi 10 dəqiqə çəkib və müttəhimə özünü müdafiə üçün söz demək imkanı verilməyib.
Qeyd edək ki, kral ailəsinin şəninə toxunan sözlər yazmaq təkcə Mərakeşdə cinayət sayılmır. Məsələn, bir müddət əvvəl Tailandda hakim ailənin ləyaqətini aşağılayan məlumatlar yaymaq ittihamı ilə təqribən 400 (!) saytı bağlayıblar.

Rusiya tarixində bloqçu üzərində ilk məhkəmə prosesi isə bu ilin əvvəllərində olub: Sıktıvkarda tanınmış musiqiçi və bloqçu Savva Terentyevi jurnalist Boris Suranovun «Livejournal»dakı bloquna yazdığı şərhə görə (!) Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282-ci maddəsi (hər hansı sosial qrupu – indiki halda milisi – təhqir etmək, yaxud ona qarşı nifrət və düşmənçiliyə təhrik etmək) ilə ittiham ediblər. Bu hadisənin səsi hətta Rusiya Dövlət Dumasına da gedib çıxmışdı.
Məsələnin ciddiliyini Vaşinqton universitetinin əməkdaşları tərəfindən hazırlanmış «World Information Access» adlı məruzə daha aydın göstərir. Həmin məruzəyə əsasən, son beş ildə 64 bloqçu həbs edilmişdir. Onlardan 36-sı 2007-ci ildə tutulmuşdur ki, bu da 2006-cı ildəkindən 3 dəfə çoxdur.
Məruzə müəlliflərinin fikrincə, bloqçuların həbsinin çoxalması internet gündəliklərinin (bloqların) siyasi həyatda rolunun artması ilə əlaqədardır. Onlar qeyd edirlər ki, ən çox həbslər siyasi qeyri-müəyyənlik dövrlərinə, məsələn, seçkilərin, kütləvi etiraz aksiyalarının keçirildiyi dönəmlərə təsadüf edir.
Həbs olunmuş bloqçuların sayına görə Asiya və Yaxın Şərq ölkələri irəlidə gedir. Belə ki, 2007-ci ildə tutlan bloqçuların yarıdan çoxu Çin, Misir və İran vətəndaşlarıdır.
Bununla belə son illər ABŞ, Kanada, İngiltərə, Fransa kimi ölkələrdə də bloqçulaın həbsi halları baş vermişdir. Bloqçuların orta həbs müddəti 15 aydır. Bu sahədə rast gəlinmiş ən uzunmuddətli həbs cəzası isə 8 il olmuşdur.