Bu günlərdə Madrid şəhərindəki İspaniya Milli Kitabxanasında ölkənin Mədəniyyət nazirinin iştirakı ilə dünyanın ən yaşlı yazıçısı sayılan Fransisko Ayalanın 103 yaşı təntənə ilə qeyd edilib. Mərasimdə iştirak və çıxış edən Ayala yazıçılıq fəaliyyətini davam etdirməsinə imkan yaratdıqlarına görə dünyanın bütün insanlarına təşəkkürünü bildirib.
Hazırda İspaniyanın ən nüfuzlu yazıçısı olan Fransisko Ayala Servantes mükafatı laueratı (1991) və Kral Akademiyasının üzvüdür. O, “1927-ci il nəsli” adlandırılan ədəbi nəslin son nümayəndəsidir. Bu nəslə Federiko Qarsia Lorka, Nobel mükafatıçısı Visente Aleyksandre, Rafael Alberti, kinorejissor Luis Bunyuel və ispan mədəniyyətinin digər görkəmli simaları daxil idi.

Fransisko Ayala 1906-cı ilin mart ayında Əndəlüsdə - Qranada şəhərində doğulub. “Ruhsuz adamın tragikomediyası” adlı ilk əsəri 19 yaşında çap olunub. Bir müddət İspaniyanın Praqadakı diplomatik nümayəndəlyində çalışan Ayala 1939-cu ildə ölkəsini tərk edərək, Argentinaya köçüb və 1950-ci ilə qədər burada yaşayıb. Buenos-Ayresdə sosiologiyadan dərs deməklə yanaşı, ədəbi yaradıcılğını davam etdirib, roman, hekayə, esse və şeirlərini yayınlayıb. 3 cildlik “Sosiologiya traktatı” da məhz bu dövrdə (1947) onun qələmindən çıxıb. Qısa müddət Braziliya və Puerto-Rikoda da yaşayan Ayala daha sonra ABŞ-a yollanıb və burada Nyu-York, Prinston universitetləri və Bruklin kolleci kimi nüfuzlu təhsil ocaqlarında dərs deyib. Nəhayət, 1956-cı ildə vətəni İspaniyaya dönən Ayala bədii yaradıcılıqla daha intensiv məşğul olmaq imkanı qazanıb. Məhz bundan sonra onun “İtlərin ölümü”, “Qəsbkarlar”, “Arzular bağçası”, “Qayıdış” və s. kimi məşhur əsərləri oxuculara təqdim olunub. 2005-ci ildə isə yazıçının heç də bədii əsərlərindən az maraqla qarşılanmayan xatirələri işıq üzü görüb.
Əlavə edək ki, Fransisko Ayala “Borxesin dostları” adlı Beynəlxalq Cəmiyyətin təsisçılərindən və himayədarlarından biridir. O, Buenos-Ayresdə yaşadığı illərdə Xorxe Luis Borxeslə tanış olub dostlaşmışdı.