"Foreign Affairs, Defense, and Trade Consultancy Knowledge Services Group" adlı təşkilatın bu ilin mayında ABŞ Konqresi üçün hazırladığı «İranda etnik və dini azlıqlar» başlıqlı (Order Code RL34021) saylı hesabatda Güney Azərbaycan əhalisinin sayı ciddi təhrifə məruz qalıb. Belə ki, hesabatda 2006-cı ildə İran İslam Respublikasında 69 milyon nəfər əhali yaşadığı, bunun cəmi 24%-nin (təqribən 16,5 milyon nəfər) azərbaycanlılarından ibarət olduğu göstərilir, farsların isə ölkədə çoxluq təşkil etdiyi (51%) qeyd edilir. Buna uyğun olaraq, fars dilində və onun dialektlərində danışanların ölkə əhalisinin 58%-ni, türk dilində və onun ləhcələrində danışanların isə 26%-ni təşkil etdiyi iddia olunur.

Qeyd edək ki, bu rəqəmlər ABŞ Dövlət Departamentinin rəsmi saytında və Mərkəzi Kəşfiyyat İdarəsinin «Faktlar kitabı»nda da əksini tapıb. Bu azmış kimi, hesabata əlavə olunan və guya İranın etnik mənzərəsini əks etdirən xəritədə Güney Azərbaycanın qərb topaqları (Qərbi Azərbaycan ostanının əksər hissəsi) kürdlərin yaşadığı ərazilər kimi təqdim olunub. Diqqəti çəkən faktlardan biri də budur ki, bir müddət əvvəl İranda çıxan «Cami-Cəm» adlı yarırəsmi qəzet (bu qəzet Azərbaycan Respublikasına da gəlib çıxır) heç bir şərh vermədən Türkiyə ordusunun PKK-ya qarşı əməliyyatlarından bəhs edən yazıya illüstrasiya olaraq guya kürdlərə məxsus torpaqları əks etdirən xəritə dərc edib. Həmin xəritədə nəinki Güney Azərbaycanın qərb torpaqları, hətta Quzey Azərbaycanın Qarabağ və Naxçıvan bölgələrinin bir hissəsi də kürdlərin yaşadığı ərazi kimi təqdim olunub.Güney Azərbaycan əhalisinin sayı barədə yanlış məlumatların zaman-zaman yayılmasında İran rejiminin «xidməti» böyükdür. Belə ki, ötən ilin payızında ölkədə keçirilən siyahıyaalmanın sonucunda əhalinin ümumi sayı, qadın və kişilərin, şəhər və kənd əhalisinin nisbəti və s. barədə informasiya verilsə də, əhalinin etnik tərkibi barədə məlumatlar açıqlanmadı.