YUXU

Mənə sorarsansa,
böyük ürəklikdir
yol qırağında,
saytal qaya altında
bulağa dönmək –
göylər
yerlərə divan tutarkən.
Mənə sorarsansa,
ucalıqdır
insanların
qan bahasına qazandığı bayraqda
hər rəngə çalmaq –
azadlıq
güllə meydanlarında
can bahasına satılırkən.

Dincəlmək
uzun düşüncələrdən yorulduqda
və bir siqaret tüsmək
böyük səadətdir
mənə sorarsansa –
torpaq yağışla,
insan azadlıqla qovuşduğu yerdə.

AĞ RƏNG VƏ BAŞQALARI

O,
Araz kimi gözəl idi
və çəltik təki xumar gözləri
Arazın sahilləri tək
bir az kədərliydi,
bir az da dərdli.
Sonra
duru bir günbatanda
«Vağzalı»nın kədərli və şən havasında
axarlıların axarında getdi.
Getdi
uşaqlı, evli-eşikli bir torpaqda
ocaq qurmağa.
Gün
qaraldı.
Qaranlıq çökdü obalar boyu.
Mən qaldım.
Sonsuz qadınların sonsuzluğuna,
bayraqsız torpağın ağrısına
və kədərsiz-kədərsiz otlayan öküzlərin
buynuzuna ilişib də
mən qaldım,
çəltiklərin xumarlığı qaldı,
bir də
Arazın dərdli sahilləri.

TÜRKÜ

Çiyinlərindən
göyərməmiş rəngli qələmlər,
uzanmamış incə əllər
və ağ kağız üstündə
hələ
yaşıl bir ağac çəkməmiş cocuq barmaqlar
və altında:
«Ax, sevgili həyat,
sən qardaşımsan mənim,
ətimiz
bir atanın ətindən,
qanımız
bir ananın qanından» –
yazmadan öncə
iki güllə gəldi dəstamazlı əllərdən.
Günəşin ilk saçaqlarıyla birlikdə
isti dodaqlarıyla öpdülər
biri alnının daşından,
biri sinəsinin taxtasından.

Açdılar bağlı qollarını,
götürdülər gözlərinin qara örtüyün.
«Ax, sevimli ölüm,
sevgili qardaşım,
qanımız
bir ananın qanından,
ətimiz
bir atanın ətindəndir» – dedi.
Və güllələr
pıçıldadılar astadan
biri alnının daşına,
biri
göysünün başına:
«Öylədir» – dedilər.

* * *
Öyləyəm
qaçılmaz, qaçırılmaz biri.
Qadın qoynuyam – böyük sığınacaq,
qaranquş telində gələn ilkin salam.
Öyləyəm
seviləcək biri,
yaşam masasında çörək,
çörəkdə duz.

İnsanlığın uşaq çağında
dünyanın beşiyi başında
əlində qopuz
boy boylamış Dədəm.

Belində qılınc
Bəzz qalasında vuruşmuş Babam
xilafətin
ədaləti asdığı anda.
Mən
Türkəm;
Talanlar görmüşəm çörəyimi yeyənlərdən
və çörəyin
ədalətsiz bölümündə
bölük-bölük bölünən mənəm.
Bax,
Ariya ilğarından qanıyaraq
çürüməkdəyəm;
Dədəmin çüyüründən,
Babamın qılıncından uzaq
və dilim
köhnə düşmanların əlində dustaq.
Mən
Təbrizliyəm.
Tehranda yaşayıram
dünyanın gözü önündə
saatbasaat
varlığımdan uzaqlaşaraq.

* * *
Qərib bir məmləkətdənəm,
yaşayışı bölüşməkdə cığal çıxan alçaq nəsildən.

Məndən bir ev sağda yaşıyar
özgürlüyün sinəsinə güllə sıxan vətəndaşım.

Məndən beş ev solda oturar
dilimə qıfıl vuran yerlim.
Şəhərin bu başında mənəm
alçaq tavanların kiçik pəncərəsində.
Şəhərin o başında
küçələri pul qoxuyan
dillərini bilmədiklərim.

Qərib bir məmləkətdənəm, dostum
və yaşayışı bölüşməyi bacarmayan
alçaq bir nəsildən.

* * *
Və qürbət susuzluqdur
ruhun ögeyləşməsi.
Bibər qoxusudur.
Şirinliyi acılığında dadımsınan
siqar tüstüsü kimi bir şey.
Göysündə umudun kəpək vurmasıdır
və bağlı pəncərəyə baxan
qısa baxışların qısraq qalması.
Qurumuş yarpaq boynu tək üzülmək;
Üzülmək,
ölmək;
Və dözmək. Səninçün hər şeyə dözmək.
Və şeir
möcüzədir, dostum,
qan axıdan qandalın qırılmasıdır.
Canın həvəsli çağında
yar qucağına sığınmaq kimi bir şey.
Gəlin rəhəmində
iki əlin bir dəstə gül bağlaması.
Gül və güllə. Öpüş və döyüş kimi bir şey.

Məktəbli yorğunluğuyla
yay tətillərinin umudunda
boğazlanan günlərin şəhvətini yaşamaq
və bir şeirin gur axımında
misra-misra çaxaraq
bütün kədərləri
ilıq sularında yumaq.
Şeir şeirdir, sevgili dostum,
gül və güllə kimi.
Və şeir
şirin
olduqca uca
oraq qoxuyan buğda sünbülüdür.
Qısraq baxışlarıyla,
qırılan qandallarıyla birlikdə.
İştə
şeir vətəndir, dostum,
öpüş və döyüş kimi bir şey.

* * *
Dünən telefon açmışdın –
Ölümdən çox-çox uzaqlarda
küçələri ayaqyalın dolaşan,
savaşqan,
qürbət qoxusuna yad
və şirin yuxusunda
boyanmış yumurta dadan
əsmər bir cocuğu xatırladım.

Nədən danışdıq,
hansı dildə dərdləşdik, bilmirəm.
Və ölmədiyim yadıma düşdü ansızın.

* * *
Nə torpağa verdim ki, gələcəkdir,
umud və sevginin duru yaşıllığıdır.
Nə suya verdim ki, aydınlıqdır…

Küləyə,
Səssiz küləyə verdim sırğalı röyalarımı.