Son aylar İranın nüvə proqramı ətrafında vəziyyətin gərginləşməsi, ona qarşı ABŞ və Avropa İttifaqı (Aİ) tərəfindən tətbiq olunan sanksiyalar, problemin hərbi yolla həllinin mümkünlüyü barədə müzakirələr beynəlxalq gündəmdə bu ölkə ilə bağlı digər məsələləri nisbətən arxa plana çəksə də, İran İslam Respublikasında hələ ötən ildən vüsət alan hakimiyyətdaxili mübarizənin səngidiyini düşünmək düzgün olmazdı.
Əksinə, yaxınlaşmaqda olan parlament seçkiləri bu mübarizənin yeni forma və təzahürlərinin üzə çıxmasına təkan verib. Prezident Əhmədinejadın KİV-lər üzrə müşaviri və Teleradio Şurasındakı nümayəndəsi, İRNA dövlət informasiya agentliyinin icraçı direktoru, eyni zamanda rəsmi “İran” qəzetinin baş redaktoru Əli Əkbər Cavanfekr ətrafında baş verənlər bu baxımdan səciyyəvi və diqqətəlayiqdir.

Ə.Cavanfekrin İrandakı mühafizəkarların “qara siyahı”sına düşməsinin tarixi ötən ilin aprelinə – prezident Əhmədinejadın Təhlükəsizlik naziri Heydər Moslehini vəzifədən çıxarması və arxasınca ayətullah Xameneyinin onu öz postuna qaytarması hadisəsinə gedib çıxır.
Prezidentlə əvvəllər onu açıq-aşkar dəstəkləyən dini rəhbər arasında ziddiyyətin bütün parlaqlığı ilə üzə çıxdığı həmin hadisədə Xameneyiyə yaxın dairələr Cavanfekrə zəng edərək, Moslehinin işdən azad edilməsi barədə xəbərin İRNA-nın saytından götürülməsini tələb etmiş, o isə bundan boyun qaçırmışdı.
2011-ci ilin yayında isə Cavanfekr rəhbəri olduğu “İran” qəzetinin “Xatun” adlı xüsusi buraxılışını nəşr etməklə, bir növ ona hücum çəkmək üçün fürsət gözləyən mühafizəkarların əlinə imkan verdi. Həmin buraxılışda İranda “islami hicabın üstün forması” sayılan qara rəngli çadranın məqsədəuyğunluğu sual altına alınırdı.
Reaksiya özünü çox gözlətmədi. Müvafiq müraciətlər əsasında ötən ilin noyabr ayında Tehran məhkəməsi “islam normalarına hörmətsizlik etdiyinə görə” Cavanfekr barəsində 1 il (hərəsi 6 ay olmaqla) həbs cəzasını nəzərdə tutan və 3 il müddətinə onun mətbuatda çalışmasına qadağa qoyan hökm çıxardı.
Cavanfekr hökmə etirazını bildirdi və islahatçı “Etimad” qəzetinə geniş müsahibəsində məsələnin kökündə dayanan məqamı (Moslehi hadisəsini) açıqladı. Ən ağlasığmaz hadisə isə bundan sonra baş verdi: təhlükəsizlik qüvvələri “İran” qəzetinin redaksiyasına həmlə etdi.
Toqquşma zamanı redaksiya əməkdaşlarından bir neçəsi yaralandı, 30-dan çox adam, o cümlədən, Cavanfekrin özü həbs edildi. Bir saat həbsdə saxlanan müşavir yalnız prezidentin müdaxiləsi sayəsində sərbəst buraxıldı. Şahidlərin bildirdiyinə görə, Əhmədinejad təhlükəsizlik qüvvələrinin rəhbəri ilə telefon danışığında: “Cavanfekri buraxın, yoxsa bu dəqiqə özüm ora gəlib onu azad edəcəyəm” - demişdi.
Bu olaydan sonra Cavanfekrin müsahibəsini yayan “Etimad” qəzetinin nəşri məhkəmənin qərarı ilə iki ay müddətinə dayandırıldı. Cavanfekr isə ona çıxarılmış hökmdən apelyasiya şikayəti verdi. Lakin tezliklə o, əvvəlkindən də yüksək səviyyəli məhkəmədə daha ağır ittihamla üzləşdi: 2012-ci il yanvarın 15-də Tehran İnqilab Məhkəməsi 15 şikayət əsasında Cavanfekri “inqilabın əzəmətli rəhbərini (ayətullah Xameneyini - M.M.) təhqir etməkdə” günahlandıraraq, onu bir il həbs cəzasına məhkum etdi, eyni zamanda beş il müddətinə onun siyasi partiyalarda və ictimai birliklərdə üzvlüyünə, KİV-lərdə işləməsinə qadağa qoydu.
Deyildiyi kimi, həmin dövrdə ABŞ və Aİ-nın İrana qarşı sanksiyaları, xüsusən Hörmüz boğazı ətrafında vəziyyət gündəmin əsas mövzusuna çevrildiyindən bu hadisə mətbuatın diqqətini yetərincə çəkmədi. Halbuki bu rütbəli dövlət məmurunun belə ağır ittihamla həbsə məhkum edilməsi ölkədə hakimiyyətdaxili mübarizənin dərinləşməsindən xəbər verirdi.
Ötən həftə İran Ali Məhkəməsinin sözçüsü, eləcə də ölkənin Baş Prokuroru Mohseni Ejei (keçmiş Təhlükəsizlik naziri) Cavanfekrin “birinci işi” ilə bağlı məhkəmə hökmünün qüvvədə saxlandığını, başqa sözlə, onun apelyasiya şikayətinin təmin edilmədiyini açıqlayıblar. Jurnalistlərə Cavanfekrin işinin icra edilmək üçün prokurorluğa göndərildiyi və onun barəsində hökmün qəti olduğu bildirilib.
Beləliklə, bir vaxtlar “Nyu-York Times” qəzetinin “İran hökumətinin siyasi xəttinin və ismarışlarının xarici aləmə çatdırılmasında ən güclü fiqurlardan biri” adlandırdığı Cavanfekrin iki dəfə həbs cəzasına məhkum edilməsi və onun apelyasiya şikayətinin təmin edilməməsi İranda hakimiyyətdaxili mübarizənin necə kəskin, hətta amansız xarakter daşıdığını göstərməkdədir.
Digər tərəfdən, “Cavanfekr qalmaqalı” Əhmədinejad hökumətinin bir neçə cəbhədə, indiki halda dini rəhbər Xameneyiyə yaxın ənənəvi mühafizəkar ruhanilərlə və məhkəmə hakimiyyəti ilə qarşıdurma vəziyyətində olduğunu nümayiş etdirməkdədir. Şübhə yoxdur ki, parlament seçkiləri ərəfəsində Əhmədinejadın ən yaxın və etibarlı, üstəlik təbliğat sahəsində səriştəli kadrlarından birinin “vurulması” onun yeni Məclisdə əhəmiyyətli yer tutmaq iddiasında olan komandası üçün ağır itkidir.

https://gun.az/Masiaga_Mahammadi/30288