Amma bu, farsdilli oxucuların əsərlə tanışlığına mane ola bilməyib

Məşhur Kolumbiya yazıçısı, Nobel mükafatı laureatı, 80 yaşlı Qabriel Qarsia Markesin «Mənim qəmgin fahişələrimin xatirələri» (Memories of My Melancholy Whores) adlı son romanı İran İslam Respublikasında qadağan edilib. Əsər bir müddət əvvəl Kavə Mirabbasi tərəfindən farscaya çevrilərək müvafiq icazə aldıqdan sonra senzura olunmuş variantda «Mənim qəmgin məşuqələrimin xatirələri» (Xaterate-delbərəkane-qəmgine-mən) adı ilə 5500 nüsxədə çap olunub və üç həftə ərzində satılıb qurtarıb. Yalnız əsərin təkrar çapına icazə üçün müraciət edildikdə, hakimiyyət orqanları romanın orijinal adına və məzmununa fikir verib onun nəşrinə və yayılmasına qadağa qoyublar. Bu işdə mühafizəkar ruhani dairələrdən edilən xəbərdarlıqlar da öz rolunu oynayıb. İranın Mədəniyyət naziri bildirib ki, kitabın birinci nəşrinə icazə verilməsi «bürokratik səhv» olub. Həmin icazə üçün məsuliyyət daşıyan məmur isə artıq işdən azad edilib.

Qeyd edək ki, Markes İranda ən şöhrətli yazıçılardan biridir. Onun bir çox əsərləri, o sıradan «Yüz ilin tənhalığı» ( One Hundred Years of Solitude) və «Vəba vaxtı məhəbət» (Love in the Time of Cholera) farscaya çevrilərək dəfələrlə nəşr edilib.
Markesin sözü gedən romanı ilk dəfə 2004-cü ildə ispan dilində nəşr olunub. Bir il sonra əsərin ingiliscəyə tərcüməsi meydana çıxıb. Romanda bütün ömrünü fahişələrlə keçirmiş bir qocanın öz 90 illiyini bakirə qızla «qeyd etmək» istəyindən bəhs olunur. Fahişəxana sahibi onun bu arzusunu yerinə yetirir, amma qoca gəlib çıxanda qızı yatmış görür. Bundan sonra o hər gün ora gələrək yatmış qıza tamaşa edir və beləcə ömrünün sonunda əsl məhəbbət yaşayır.
Bu süjet əsərin nə üçün İran mollalarının qəzəbinə gəldiyini və nəşrinin qadağan edildiyini müəyyən qədər anlamağa imkan verir. Amma romanın farscaya başqa bir tərcüməçisi bu qadağanı alt-üst edib. Söhbət hazırda Kolumbiyada yaşayan 57 yaşlı yazar və tərcüməçi Əmir Hüseyn Fətanətdən gedir. 1979-cu il inqilabından sonra «insan kimi yaşamaq» istəyilə İranı tərk edən Fətanət əvvəlcə Parisdə, sonra ABŞ-da məskunlaşıb, 1985-ci ildə isə Kolumbiyaya gəlib. Markesin son romanını, o cümlədən əsərin adını (Xaterate-ruspiyane-soudazədeye-mən) olduğu kimi farscaya çevirən Fətanət bununla bağlı macəralarını bu günlərdə «el-Tempo» qəzetinə verdiyi müsahibədə açıqlayıb: «İranın mötəbər nəşriyyatlarından biri vasitəsilə çapına icazə almaq üçün tərcüməni müvafiq komitəyə təqdim etdim. Bir neçə aydan sonra heç bir əlavə izahat vermədən əsərin nəşrinin qadağan edildiyini bildirdilər. İranda hər bir kitab əvvəlcə xüsusi komitəyə təqdim edilməlidir. Bu komitə heç kəsə aydın olmayan meyarlarla kitabı müxtəlif yönlərdən araşdırır və hökm çıxarır. Əslində bu zaman yazıçı simasız bir kabusla üz-üzə qalır və nə ondan bir şey soruşmaq, nə də onun qarşısında əsərini müdafiə etmək hüququna malik olur».
Fətanətin dediyinə görə, İranda kitabın çapına icazə ala bilmədikdən sonra onu xaricdə nəşr etdirmək üçün Markesin hüquqşünası Karmen Balselsə müraciət edib, amma Balselsdən bir xəbər çıxmayıb. Belədə o, özbaşına hərəkət etmək qərarına gəlib: «Tanış bir nəşriyyat vasitəsilə kitabı 1000 tirajla çap etdirdim, onun 500-ü Almaniya və Los-Anceles mağazalarında, bir qədəri də İnternet yolu ilə satıldı. Bu, mədəni bir iş idi və gəlir götürmək məqsədi daşımırdı. Bunun 1000-i də satılsaydı, Qabo 500 dollara görə məni həbsxanaya saldırmayacaqdı ki! Amma İranda əsərin rəsmən qadağan edildiyini biləndə, başqa bir yola əl atdım: romanın farscaya tərcüməsini sərbəst istifadə üçün İnternetə qoydum. On gün ərzində əsərin mətni dünyanın 80 ölkəsindən və 550 İnternet serverindən 15000 dəfə yüklənilib. Bu, İranda satılan 5500 nüsxə ilə müqayisədə çox böyük rəqəmlərdir».
Bu il Boqotada keçirilmiş beynəlxalq kitab sərgisində Mövlana Cəlaləddin Rumi şeirlərinin ispancaya tərcüməsi ilə iştirak edən Fətanət öz müsahibəsində bununla bağlı bir məqama da toxunub: «Kitabda Rumi şeirlərinin xəttatlar tərəfindən yazılmış nümunələrini vermək üçün İranda hər yerdən kömək istədim, amma heç bir dövlət qurumu bu xahişimə diqqət yetirmədi. Çünki Mövlananın düşüncəsində insanla Tanrının əlaqəsi birbaşa və vasitəçisiz rabitədir, bu da əlbəttə, molla hökumətinin xoşuna gələn şey deyil».
Bütövlükdə İran rejimini xarakterizə edən Fətanət deyb: «İranda biz bəlkə də əvvəllər nümunəsi olmayan bir hadisənin şahidiyik: din və siyasət bir-birinə qarışıb, camaata elə təlqin olunur ki, guya mollalar Tanrının yer üzündəki nümayəndələri və Quranın yeganə düzgün şərhçiləridir. Beləliklə, dindən dünyəvi məqsədlər, yəni hakimiyyət üçün istifadə olunur».
Tərcüməçi müsahibənin sonunda İranda Markesin romanına qoyulan qadağanı ölümün təbliğinə və kədərin yayılmasına əsaslanan hakimiyyətin həyat eşqinə müqaviməti kimi səciyyələndirib: «Kədər aşılanması və ölümün təbliği rejimin formalaşdırdığı mədəniyyətin ayrılmaz hissəsidir. Aydındır ki, hər şeyin qara və kədərli olduğu, ölüm kultuna söykəndiyi bir mühitdə Markesin məhəbbətə və həyata səsləyən romanı quruluş əleyhinə yönəlmiş təhlükəli bir əsər sayılacaqdır».

Hazırlayanı: Məsiağa Məhəmmədi