Bizdə İrana vəkillik edənlər az deyil. Xüsusən nüvə proqramı ilə bağlı ABŞ-İran münasibətləri kəskinləşəndən, müharibə ehtimalı güclənəndən sonra onların səsi daha aydın eşidilməyə başlayıb. Mən qətiyyən Nardaran hacılarını nəzərdə tutmuram. Söhbət illərdən bəri demokratiya və dünyəvilikdən dəm vuran kostyumlu-qalstuklu (bəzən də eynəkli) partiya sədrlərindən, jurnalistlərin tez-tez üz tutduğu ekspertlərdən və politoloqlardan gedir. Hərdən onların çıxışlarına baxanda «Roma papasından daha artıq katolik olmaq» (indiki halda «Qum ayətullahından daha artıq irançı olmaq» da deyə bilərik) ifadəsi yada düşür. Məsələn, bir müddət əvvəl Nəzirməmməd Qaramanlı adlı bir politoloq ölkənin nüfuzlu qəzetlərindən olan «525-ci qəzet»də silsilə yazılarla çıxış edib İranı o ki var təriflədi, nəinki ABŞ-a, hətta 1945-46-cı illərdə mövcud olmuş Azərbaycan Milli Hökumətinə və indi Güneydə gedən milli hərəkata qarşı müxtəlif ittihamlar səsləndirdi, heç kəs də ona heç nə demədi.

Amma bu dərdin yarısıdır. Bir də görürsən ki, beləsi hansısa xarici ölkədən durub gəlir və İrana vəkillik etməyi bir yana, hələ bizə ağıl da verir. Buyurun, yaxınlarda ölkənin ən çox baxılan məlumat portallarından birində – «Day.az» saytında Rusiyadakı «Müasir İranı tədqiq Mərkəzi»nin direktoru Rəcəb Səfərovla müsahibə verilib. Düzü, mən köhnə iranşünas kimi bu şəxsi əvvəllər də tanıyırdım və çox vaxt sensasiya yaratmağa cəhd etdiyinə görə onun yazılarının həvəskarı deyildim. Amma bu müsahibənin başlığı mətni bütünlüklə oxumağa məni vadar etdi. Başlıq belədir: «Əgər Azərbaycan İrana qarşı avantürada amerikalılara kömək göstərsə, intiqam planında ilk zərbə obyekti məhz Azərbaycan Respublikası olacaq. Və bu işdə məhz İran azərbaycanlıları canfəşanlıq edəcəklər». Deməli, təkcə başlıqdakı sözləri ilə bu şəxs : a) Azərbaycan Respublikasını, bizim jurnalistlərdən birinə qarşı ittihamda deyildiyi kimi, terrorla hədələyir; b) bizi Güneydəki soydaşlarımızla üz-üzə qoyur.
Müsahibənin mətni isə ayrı həngamədir. Cənab Səfərov bəyan edir ki, bəli, İslam Respublikasının rəhbərləri Güneydəki milli hərəkatın Qərbin xüsusi xidmətləri və sionist dairələr tərəfindən idarə olunduğunu söyləyərkən tam haqlıdırlar. Sübut: ABŞ Konqresi hələ ötən il İran müxalifətini dəstəkləmək üçün 80 milyon dollar ayırdığını bildirmişdi. Elə burada Səfərovun ya savadsızlıqdan, ya da bizi avam hesab etdiyindən tam başqa məsələləri bir-birinə qarışdırıdğını görüb dayanmaq olardı. Amma səbrli olun, görün, bu «mütəxəssis» nə deyir: «Məlumdur ki, etnik azərbaycanlılar İranda farslardan sonra sayca ikinci yeri tuturlar. Bu, böyük bir diasporadır». Bu yerdə, əlbəttə, növcavan müxbir müsahibini saxlayıb deməli idi ki, azərbaycanlılar orada diaspora deyil, ora bizim tarixi vətənimizdir. Amma nə deyirsən? Müxbir özü sonrakı sualında güneydəki azərbaycanlıları «icma» (!) adlandırır. Yəni, məsələn, Azərbaycandakı yəhudi icması və ya İrandakı erməni icması kimi.
Cənab Səfərov sözünə belə davam edir: «Mən İranda tez-tez oluram və indiyə qədər mövcud rejimdən narazılığını ifadə edən bir nəfər azərbaycanlıya da rast gəlməmişəm. İranın milli siyasəti kifayət qədər tarazlaşdırılmışdır. İran hakimiyyəti bütün etnik qrupların mənafeyini nəzərə alır». Əlbəttə, Səfərovun İran səfərlərində hansı dairələrdə olduğunu təsəvvür etmək çətin deyil və orada onun hansısa narazılıq eşitməsi mümkünsüzdür. Həm də «divarın da qulağı var» prinsipinin hakim olduğu şəraitdə. Amma mən azərbaycanlıları bir kənara qoyub soruşuram: bu Səfərov necə mütəxəssisdir ki, Xuzistanda, Bəlucistanda baş verən və hətta rəsmi mətbuatda belə əksini tapan hadisələrdən xəbərsizdir? Və doğrudanmı xəbərsizdir?!
Qeyd edim ki, belə ağ yalanları söyləməkdə Səfərov tək deyil. Onun həmkarı, Moskvadakı Yaxın Şərq İnstitutunun əməkdaşı A.A.Rozov məqalələrinin birində yazır: «Ölkə əhalisinin təxminən 30%-ni təşkil edən azərbaycanlılar xüsusən sosial-iqtisadi və mədəni sahələrdə geniş muxtariyyət hüququna malikdir. Türkdilli əhalinin yaşadığı əyalətlərdə Azərbaycan məktəbləri və mədəniyyət mərkəzləri fəaliyyət göstərir, ana dili sərbəst şəkildə (!) öyrənilir». Həqiqətdən uzaq olan və mütəxəssis adına yaraşmayan bu sözlərə hər hansı şərh, yaxud cavab vermək mənasız işdir. Şükürlər olsun ki, hələ elmi vicdanını itirməmiş mütəxəssislər qalır. Məsələn, Rozovla bir İnstitutda çalışan S.S.Voronov kimi. Onun «Müasir mərhələdə İranda Azərbaycan məsələsi» adlı məqaləsindən bir hissəyə nəzər salaq: «Təbii ki, hazırkı prezidentin başçılıq etdiyi kabinet vahid İran millətində milli zəmində ziddiyyətlərin üzə çıxmasında maraqlı deyil – axı bu, M.Əhmədinejadın təbliğat «kozır»larından biridir. Lakin gətirilən faktlar (söhbət ötən ilin May qiyamından və ondan sonrakı hadisələrdən gedir- M.M.) göstərir ki, azərbaycanlılarla bağlı vəziyyət partlayış həddindədir (kursiv mənimdir – M.M.) və əslində mərkəzi hakimiyyət tərəfindən idarə oluna bilmir. Belə təəssürat yaranır ki, prezident və onun komandası milli vəhdəti təmin edə biləcək gerçəkdən səmərəli bir konsepsiyaya malik deyil. Ehtimal ki, milli məsələ ilə bağlı hadisələr inkişaf edə və indiki İran rəhbərliyinə yeni problemlər yarada bilər».
Belə görünür ki, Səfərov böyründəki həmkarlarının yazılarını da oxumur. Oxusaydı, azərbaycanlıların özünü ilk növbədə iranlı, sonra isə azərbaycanlı sayması barədə «köhnə bayatı»nı səsləndirib qətiyyətlə deməzdi: «Onlarda etnik əlamət əsasında birləşmək hissi yoxdur. Dovlətin maraqlarından söbət gedəndə, iran azərbaycanlılarında etnik şüur ön planda dayanmır». Soruşan gərək, siz azərbaycanlıların hansı hisslərlə yaşadığını hardan bilirsiniz? Əgər onlarda etnik, daha doğrusu, milli şüur və özünüdərk belə arxa plandadırsa, onda ötən ilin may ayından bəri baş verən hadisələr nəyin təzahürüdür?
Nəhayət, müxbirin ötürməsi ilə cənab Səfərov əsl mətləb üstünə gəlir və ABŞ-ın bölgədəki planlarını açıqlayır: iki Azərbaycan birləşir, Xəzərdən Fars körfəzinə qədər uzanan, təbii ehtiyatlarla zəngin vahid Azərbaycan dövləti yaranır. Bu, Türkiyə ilə yanaşı bölgədə ikinci qüdrətli türk dövləti və beynəlxalq münasibətlərin güclü subyekti olur. Səfərovu və onun təmsil etdiyi dairələri narahat edən də bu perspektivdir. Amma, qəribəsi budur ki, o, həmin narahatlığı birbaşa deyil, yenə Güney azərbaycanlıların adından çatdırır: «Bu ideyaya qarşı birinci elə İran azərbaycanlılarının özü çıxacaq. Mən əminəm ki, onlar Azərbaycan adlansa belə, yeni dövlətin yaranmasını zəruri saymırlar... Mən əminəm ki, etnik azərbaycanlılar öz dövlətlərinin mənafeyi naminə dağ kimi dayanacaqlar. Onlar İran İslam Respublikasını (fikir verin, İranı da yox, məhz İran İslam Respublikasını – M.M.) xilas etmək üçün canlarından keçəcəklər». Soruşan olmur ki, bu əminlik hardandır? Bəlkə siz 35 milyon azərbaycanlı arasında rəy sorğusu keçiribsiniz? Axı adını tədqiqatçı qoyan kəs ağzına gələni danışmaz!
Amma yox, Səfərov elə bu səpkidə də davam edir və bizə, yəni Azərbaycan Respublikasına ABŞ-ın avantürasına uymamağı tövsiyə edib bildirir ki, İranın nüvə proqramı yalnız dinc xarakter daşıyır, bütün hay-küy isə, müxbirin təbirincə desək, ABŞ-ın qurduğu şoudur. Yəni, MAQATE, Avropa Briliyi, bir-birinin ardınca qətnamələr qəbul edən BMT kimi ciddi beynəlxalq qurumlar, yumşaq desək, oyun oynayır, yalan danışır, doğrusunu ancaq Səfərov bilir! Belə alimə nə deyəsən?! Yalnız bircə şey: qoy Rəcəb Səfərov (görəsən, o özünü ilk növbədə hansı millətdən hiss edir? – M.M.) başçılıq etdiyi «İranı tədqiq Mərkəzi»nin adını dəyişib «İranı təbliğ (və ya tərif ) Mərkəzi qoysun!

P.S. Prinsipcə, Rəcəb Səfərovun nə üçün belə danışdığı aydınır. Aydın olmayan şey «Day.az» saytının belə cəfəng və anti-Azərbaycan fikirlərə səxavətlə yer ayırmasıdır. Allah Mirzə Cəlilə və Mirzə Ələkbər Sabirə rəhmət eləsin! O kişilər «urusbaşlar»ı hamıdan yaxşı tanıyırmış...