Yer kürəsindən böyük bir qandal yox –
üstündə yeriyirəm.
Ömürdən ağır bir zəncir yox –
halqalarından keçirəm bir-bir.
Və eşq qədər bir boğucu ümman yox –
sonuna qədər varmışam neçə kərə,
dibində bir yaxamoz tapsam da.

Ehe...y, məni nədən qorxudursunuz?
Nə ağac kimi odu,
nə od kimi suyu,
bəlkə insan kimi insanları dözdüm –
kövrək bir insan tək
qəlbi beş qəpiyə dəyməz heyvanları.
Ki var olmaq varlıq deyil,
Varlığa inanmaq var olmaqdır.
Və siz bunu hardan biləcəksiniz?


Mənsə inamlarım üçün yaşadım:
Qandal üstündə yeridim,
Zəncir halqasından keçdim
və ümmanları sonuna qədər vardım.
Bir gün ölərsəm də,
öylə çılpaq ölərəm ki,
Süleyman xalçası belə ödəməz üryanlığımı.

Ehe...y, məni nədən qorxudursunuz?
Qanlı divanlar tutulsun! Əmr edin!
Ormanlar edam dirəklərinə dönsün!
Adımı döşlərinə qazmazsam bir-bir,
Yaşamaq qənimim olsun!