Güney Azərbaycanın qərb bölgəsində – Urmiyada milli ədəbiyyatın nəşri və təbliği sahəsində dəyərli işlər görən «Yaz» nəşriyyatı oxuculara iki yeni kitab ərməğan edib.
Bunlardan birincisi, yaradıcılığı Azərbaycan ədəbiyyatı və dilinin inkişafında bütöv mərhələ təşkil edən böyük şairimiz Molla Pənah Vaqifin (1717-1797) divanıdır. Deyilməlidir ki, kitabın nəşrinə İran İslam Respublikasının hakimiyyət orqanlarından icazə almağa nə az, nə çox – düz il yarım vaxt gedib və dəfələrlə bununla bağlı edilən müraciətlərə rədd cavabı verilib. Yalnız nəşriyyatın rəhbəri Bəhram Əsədinin təkidli səyləri nəticəsində divanın nəşrini həyata keçirmək mümkün olub.
Kitaba Molla Pənah Vaqifin həm klassik janrlarda, həm də xalq şeiri formalarında yazdığı əsərləri (qəzəl, qoşma, müxəmməs, təcnis və s.) daxil edilib. Onu da deyək ki, bu, Vaqif divanının İranda və ərəb əlifbası ilə ilk nəşridir.

İkinci kitab isə «Dədə Katib» təxəllüsü ilə tanınan məşhur urmiyalı şair Əbdürrəhman Təyyar Quluncunun «Günümüz aydın» adlı şeirlər toplusudur. 335 səhifəlik kitabda şairin heca vəznində yazılmış ictimai, irfani və əxlaqi məzmunlu şeirləri yer almışdır.
Qeyd edək ki, Dədə Katib həm də Güney Azərbaycanın qərb bölgəsində yaşayan hənəfi məzhəbli sünnilərin din alimi kimi tanınır. O, türk və fars dilləri ilə yanaşı, ərəb və kürd dillərini də bilir. Əsərlərinin əksəriyyəti Azərbaycan türkcəsində olsa da, Türkiyə türkcəsində yazılmış şeirləri də az deyil. Güney Azərbaycanın qərb və Türkiyənin şərq bölgəsindəki aşıqlar və ozanlar arasında (xüsusən, İran-Türkiyə sərhədinin hər iki tayında yaşayan kürəsünni türkləri içərisində) çox məşhurdur. Gəncliyində «Katib» təxəllüsü ilə yazan şairə «Dədə» adı Türkiyədə – Konya şəhərində verilmişdir. Hazırda 84 yaşı olan Dədə Katib Urmiya ilə Salmas arasındakı Quluncu qəsəbəsində yaşayır.
Onu da əlavə edək ki, «Günümüz aydın» toplusu Dədə Katibin sayca üçüncü kitabıdır. Bundan əvvəl onun «İncili sədəf» və «Urmu gölü» adlı iki kitabı nəşr olunmuşdur.

P.S. Dədə Katib 21 fevral 2009-cu ildə dünyasını dəyişdi. Allah rəhmət eləsin.