İran İslam Respublikasının (İİR) xarici siyasətində keçmiş sovet məkanı, MDB ölkələrilə münasibətlərə xüsusi diqqət yetirilir. Tehran Cənubi Qafqazda nüfuz uğrunda Qərb dövlətləri, eləcə də Türkiyə ilə ciddi mübarizə aparır. ABŞ və Rusiyanın Qafqaz regionundakı rəqabətindən İran da imkan düşdükcə istifadə edir və bu zaman respublikaların müəyyən problemlərindən faydalanaraq, onları öz tərəfinə çəkməyə çalışır. Tehran bu zaman, əlbəttə, öz maraqlarından çıxış edir.

İran Ermənistan əlaqələri hələ 1918-ji ildə qurulmuşdu. O zaman Ermənistanın Azərbaycana və Gürcüstana qarşı ərazi iddiaları onu Tehrana daha da yaxınlaşdırdı. Bu məqsədlə Prons Hoseb Arbotiyan adlı erməni Tehrana səfir göndərildi.
İİR yarandıqdan sonra onun xarici siyasətində müsəlman ölkələri ilə yanaşı, bəzi xristian ölkələri də mühüm əhəmiyyət kəsb etməyə başladı. Bu sahədə İİR-Ermənistan münasibətlərini misal göstərmək olar. Müstəqillik əldə etdikdən sonra Ermənistan Respublikasının xarici siyasətində də İran ilə münasibətlərə xüsusi diqqət yetirilmişdir. Ümumiyyətlə, Ermənistan öz xarici siyasətini aşağıdakı istiqamətlər üzrə apardığını bəyan edir:

1. qonşu ölkələrlə münasibətlərin yaxşılaşdırılması;
2. regional əməkdaşlığın genişləndirməsi;
3. regional və beynəlxalq təşkilatlara inteqrasiya;
4. Dağlıq Qarabağ münaqişəsinin həlli [5, s. 290].
Ermənistanın regionda ikitərəfli münasibətlərin inkişafına xüsusi əhəmiyyət verdiyi ölkələr Rusiya və İrandır. Hərbi və iqtisadi sahədə daha çox Rusiyaya sığınan Ermənistan üçün coğrafi baxımdan İranla əlaqələr də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Türkiyə və Azərbaycanla sərhədi bağlı olan və hərbi-siyasi müttəfiqi Rusiya ilə sərhədə malik olmayan Ermənistan İranı «həyat dəhlizi» adlandırır. Orta Asyia, Çin və Yaxın Şərqə məhz İran vasitəsilə yol tapan Ermənistan üçün İranla əlaqələrinin zəifləməsi tamamilə təcrid olunmaq deməkdir.
İranla Ermənistanın münasibətləri əsasən energetika, nəqliyyat, kənd təsərrüfatı, maşınqayırma, yüngül və yeyinti sənayesi sahələrini əhatə edir. İndiyədək Ermənistan iqtisadiyyatına qoyulmuş sərmayənin 70%-dən çoxu məhz İİR və RF-nin payına düşür. Bu ölkədə reallaşdırılan, hərbi və strateji layihələr Rusiyanın, digərləri, məsələn, qaz kəmərinin çəkilişi, Mehri-Qacaran tunelinin tikintisi və başqa layihələr isə yalnız İrəvanın deyil, həm də Tehranın maraqlarına xidmət edir. Cənubi Qafqaz regionundakı proseslər və qüvvələr nisbətinin dəyişməsi nəticəsində Rusiya, Ermənistan və İran, faktiki olaraq, əsas layihələrdən kənarda qalıblar. Ermənistanı bu proseslərdə Azərbaycana qarşı ərazi iddiaları, İranı isə Qərb və ilk növbədə ABŞ tərid edib. Belə bir şəraitdə bu üç ölkənin birgə layihələri İranla Ermənistanı beynəlxalq təcriddən nisbətən xilas etməyə yönəldiyi halda, Rusiya üçün sadəcə Qafqaz siyasətində birbaşa Ermənistanı dəstəkləmək deməkdir. Bu gün İrəvan Rusiya və İranla sıx əməkdaşlığı əsasən bu kontekstdə əsaslandırmağa çalışır. Ermənistanın rəsmi siyasəti bundan ibarətdir ki, «Türkiyə və Azərbayjanın tətbiq etdiyi blokada» şəraitində İrəvan Rusiya və İranla hərtərəfli strateji əməkdaşlığa məhkumdur.
1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Rusiya tərəfindən işğal edildikdən sonra Azərbaycanın Zəngəzur ərazisi Ermənistana verildi və Ermənistanın İrana birbaşa çıxışı, dolayısı ilə Rusiyanın İrana Qafqazdan birbaşa çıxışı yarandı. Bununla da Türkiyə ilə Azərbaycanın əsas hissəsi arasında coğrafi əlaqə kəsildi. Naxçıvan muxtar respublika şəklində Azərbaycanın tərkibində qalsa da, onunla coğrafi əlaqə qırıldı.
Müasir dövrdə Ermənistan Respublikası İran İslam Respublikasının xarici siyasətində mühüm yer tutur. 23 sentyabr 1991-ci ildə müstəqillik qazanmış Ermənistan Respublikası (ER) Qafqaz regionunun cənub-qərbində yerləşir. Şərqdə Azərbaycan Respublikası ilə 766 km (Naxçıvanla 224 km), şimalda Gürcüstan Respublikası ilə 164 km, cənubda İran İslam Respublikası ilə 42 km (Ermənistanın Qarabağa təcavüzü nətijəsində bu rəqəm 150 km-ə çatıb) və cənub-qərb qonşusu Türkiyə Respublikası ilə 268 km müştərək sərhəddə malikdir.
İİR Sovet rejiminin dağılmasını müvəqqəti hesab edərək, SSRİ ilə bağladığı uzun¬müddətli müqavilələrə söykənmiş, yenicə müstəqilliyə nail olmuş gənc respublikaların suverenliyinin tanınmasında gözləmə mövqeyi tutmuşdur. Buna baxmayaraq, İran-Ermə¬nis¬tan münasibətləri Dağlıq Qarabağ müharibəsi nəticəsində daha müntəzəm xarakter aldı və xeyli gücləndi. Müharibənin İran ərazisi boyunca getməsi və Cənubi Azərbaycan mədəni-siyasi hərəkatının yaratdığı vəziyyət İran dövlətini xüsusi mövqe tutmağa sövq etdi.
Ermənistan müstəqilliyin elə ilk günlərindən başlayaraq regionda öz mənafeyini qorumaq və ərazi iddialarını gerçəkləşdirmək üçün İranla yaxşı münasibət qurmağa can atmış və buna nail olmuşdur. Onu bu işə guya «Türkiyə və Azərbayjan tərəfindən» blokada vəziyyətində olması məcbur etmişdir. Ermənistanın ağır iqtisadi vəziyyəti, mürəkkəb siyasi durumu, Türkiyə və Azərbaycana qarşı düşmən mövqedə olması İran-Ermənistan əlaqələ¬ri¬nin inkişafına təkan vermişdir. İki ölkə arasında diplomatik və siyasi əlaqələrdə ilk addım 1992-ji ilin fevralında Ermənistanın o zamankı xarici işlər naziri Hovanesyanın Tehrana səfəri olmuşdur. Bu səfər çərçivəsində Hovanesyan İran rəhbərliyi ilə görüşlərdə ikitərəfli əlaqələrin inkişaf yolları və Dağlıq Qarabağ münaqişəsinə dair məsələləri müzakirə etmişdir. Bu görüşün nəticəsi olaraq iki ölkə arasında iqtisadi, ticarət, enerji, mədəni, idman və turizm sahələrində əməkdaşlığı nəzərdə tutan 37 maddədən ibarət saziş imzalanmışdır [10].
1992-ci iln iyununda iki ölkənin konsulluqları Tehran və İrəvan şəhərlərində fəaliyyətə başladı. 1994-jü ildə İranın Ermənistandakı konsulluğu səfirlik səviyyəsinə çatdırıldı. İkitərəfli əlaqələri inkişaf etdirən digər cəhət 28 dekabr 1996-cı ildə İranın birinci vitse-prezidentinin səfəri zamanı İranla Ermənistan arasında imzalanmış müqavilədir. Bu müqavilədə qaz xəttinin çəkilişi, telekommunikasiya, ticarət, sənaye, bank və enerci sahəsində əməkdaşlıq layihələrinin gerçəkləşdirilməsi üçün maliyyə komitəsinin qurulacağı qeyd olunur. Münasibətlərin bü cür inkişafına baxmayaraq, regionda gedən siyasi-iqtisadi proseslər, o cümlədən ABŞ-ın Qafqaz siyasətində, Azərbaycanın neft sektorunda əldə etdiyi nailiyətlər Ermənistanın qərbyönlü siyasətə meyllənməsinə səbəb oldu. Amma radikal etməni qrupları L.Ter-Petrosyanın Dağlıq Qarabağ münaqişəsinin həlli mövqeyinə və qərbyönlü siyasətinə sərt reaksiya göstərərək onu istefaya məcbur etdilər.
30 mart 1998-ci ildə Robert Köçəryan Ermənistanın prezidenti seçildi. O, ölkənin xarici siyasətini «əlaqəli təkamül» siyasəti əsasında planlaşdıraraq, Rusiya, İran, ABŞ və Avropa ölkələri ilə münasibətləri yaxşılaşdırmağa cəhd etdi. İran-Ermənistan münasibətlərində mühüm yer turan digər məsələ İran, Ermənistan və Yunanıstan arasında əməkdaşlıq və ittifaqın daha da sıxlaşdırılmasıdır. 1997-ci ildən başlayaraq üç ölkənin əməkdaşlığı xarici işlər nazirləri səviyyəsində həyata keçirilmiş və iqtisadi, siyasi, mədəni sahələrdə fəaliyyət birliyi formasını kəsb etmişdir. Qeyd edək ki, bu birliyin üçüncü iclası 1999-cu il İrəvanda keçirilmişdir. Ermənistanın coğrafi, siyasi, iqtisadi və təhlükəsizlik sahəsində vəziyyəti, İranla Ermənistanı bir-birinə bağlayan tellər və Tehranın xarici siyasətində Ermənistanın yeri göstərir ki, Ermənistanın Azərbaycanla münaqişədə olması onu İrana söykənməyə və onun yardımından yararlanmağa həmişə sövq etmişdir.
İran İslam Respublikası prezidentinin birinci müavini Dr. Həbibinin 1997-ci ilin yanvar ayında geniş bir heyətlə İrəvana səfəri zamanı 12 müqavilənin və iqtisadi, siyasi və mədəni sahələrdə əməkdaşlıq memorandumunun imzalanması iki ölkənin əlaqələrində önəmli dönüş nöqtəsi hesab edilir [10, s.38]. Həbibinin Ermənistana səfərindən bir ay sonra, yəni 1997-ci ilin fevral ayında B. Araktesiyan 3 günlük səfərlə Tehrana getmiş və bu səfər zamanı İİR rəhbərlərindən Haşimi-Rəfsəncani və Natiq Nuri ilə görüşmüşdür. Həmin səfərin önəmli nəticələri iki ölkə parlamentlərinin dostluq qrupunun təşkili və əlaqələrin genişlənməsi üçün heç bir maneənin olmamasının vurğulanmasından ibarət idi. Həmçinin bu səfərdə İrəvanda dərman preparatları istehsal edən zavodun tikilməsi, Ermənistana qaz kəmərinin çəkilişi üzrə maliyyə məsələlərinin həll edilməsi, həmin ölkəyə maye qazın daşınması və iki ölkə arasında Qacaran tunelinin tikilməsi haqqında müqavilələr imzalandı [9, s.3].
Hər halda Ermənistan İran İslam Respublikasına onun təhlükəsizliyini və milli mənafeyini qorumaqda böyük rolu olan regional güc kimi baxmaqdadır. Ümumiyyətlə, Ermənistan İranla əlaqələrini genişləndirməkdə aşağıdakı amilləri daha çox nəzərə alır:
- Azərbaycan və Türkiyə ilə tarixi düşmənçiliyə görə həmin ölkələrin yollarından istifadə edə bilməyən Ermənistanın daha təhlükfəsiz İran yollarından, limanlar, dəmir və şosse yolları və digər tranzit xətlərindən faydalanmaq istəməsi;
- İranın zəngin sərvətlərinin, xüsusilə strateji enerji ehtiyatlarının Ermənistanın ehtiyaclarına cavab verməsi;
- Fars körfəzi və dünyanın azad suları ilə əlaqə;
- Ermənistan istehsalı olan malların satışı üçün İran bazarlarından istifadə;
- İranda 200 minlik erməni əhalinin olması və onlarla mədəni əlaqələr saxlamaq istəyi;
- Ərazi yaxınlığı, daşınmanın rahatlığı və nəqliyyat xərjlərinin az olması;
- İranın inkişafı təcrübəsindən Ermənistanda istifadə olunması;
- Regional və dünyəvi güclərlə xarici əlaqələrdə balansın yaradılması;
- Qarabağ münaqişəsinin dinlərarası ixtilaf kimi qələmə verilməsi sahəsində aparılan təbliğatı təsirsizləşdirmək məqsədilə böyük islam ölkəsi ilə əməkdaşlıq.
İki ölkəni strateji əməkdaşlıq və tərəfdaşlıq səviyyəsinə çatdıran amilləri nəzərə alaraq İİR-nın xarici siyasətində Ermənistanın siyasi, iqtisadi, təhlükəsizlik və mədəni sahələrdə yeri aşağıdakılardan ibarətdir:
Cənubi Qafqaz dövlətləri arasında olan münasibətlər İranın regional siyasətində önəmli yer tutmuş və tutmaqdadır. Ermənistanın Dağlıq Qarabağ məsələsi ilə bağlı mövqeyinin İİR-nın dövlət mənafeyində və strateji planında mühüm rolu vardır. O səbəbdəndir ki, İran tərəfindən Ermənistan Respublikası ilə əlaqələrə ciddi diqqət ayrılır. Ermənistan iqtisadi, ticarət, mədəni və s. əlaqələrdə İranın əhəmiyyətli tərəfdaşı ola bilən ölkələrlə, o cümlədən Türkiyə və Azərbaycanla əməkdaşlığa ciddi əngəl törədir. İran öz növbəsində bu amili «pantürkizmə» qarşı maneə hesab edir. Azərbaycan, Türkiyə və Orta Asiya ölkələri arasında əməkdaşlığa mane olan Ermənistan İİR-nın türk dünyası birliyinə qarşı geostrateji maraqlarının təmin edilməsinə köməklik göstərir.
İran İslam Respublikasının Qafqaz siyasətində Ermənistanın hərbi əlaqələri nəzərə alınmaya bilməz. ER özünün hərbi təcavüzünün nəticələrini əldə saxlamaq üçün bir neçə ölkə və təşkilatlarla hərbi, hərbi-strateji əməkdaşlıq edir. ER ilk növbədə RF ilə hərbi-strateji tərəfdaşdır. O, MDB çərçivəsində Kollektiv Təhlükəsizlik Müqaviləsinə qoşulmuşdur, «Sülh Naminə Tərəfdaşlıq» proqramı çərçivəsində isə NATO ilə əməkdaşlıq edir. NATO ilə əməkdaşlıq etməsinə baxmayaraq, ER NATO sisteminə keçmək niyyətində deyil. Bundan əlavə ER Avropa Birliyi ilə də əməkdaşlıq edir.
Ermənistanın Rusiya ilə əməkdaşlığı Tehranın həmişə diqqət mərkəzində olmuşdur. ER işğal etdiyi Azərbaycan torpaqlarını əlində saxlamaq üçün RF ilə hərbi əməkdaşlığa xüsusi əhə¬miyyət verir. RF də öz növbəsində cənub sərhədlərinin mühafizəsi baxımından ER ilə əməkdaşlığı özünü prioritetlərindən sayır. Təsadüfi deyildir ki, ER-in İİR və Türkiyə ilə sərhədini RF sərhəd xidməti mühafizə edir. 1992-ji ilin fevralında ER ilə RF arasında imza¬lanmış müqaviləyə görə, ER-Türkiyə və ER-İİR sərhədləri RF Sərhəd Qoşunları Komandanlığı tərəfindən mühafizə olunur və 1500 nəfər rus zabiti ER Sərhəd Qoşunlarında xidmət edir [3].
ER 2005-ji ildə İrandan 140 milyon dollarlıq məhsul idxal, 70 milyon dollarlıq məhsul isə ixrac etmişdir. İrandan ER-ə təbii qaz axınının 2007-ji ilin ilk aylarında həyata keçirilməsi nəzərdə tutulurdu və bu kəmər artıq işə düşmüşdür. İran ER-ə qaz ixrac edib bu ölkədən enerji alma layihəsinə müsbət baxır. İran hal-hazırda ER-dən 400 mwt elektrik enercisi alır və bu rəqəmi 900 mwt-a qədər artıracağını söyləyir. Gələcəkdə isə iki ölkə arasında güzəştli ticarət tarifinin tətbiqi ilə ticarət həcminin artacağı gözlənilir.
Heydər Əliyev Şərqi Azərbaycanın qubernatoru Yəhya Məhəmmədzadə ilə 2 avqust 1999-ju ildə Bakıda keçirilən görüşündə İran-Ermənistan əlaqələrinə münasibət bildirərək demişdi: «Bizim bir ümumi narazılığımız var. Uzun illərdir deyirik ki, İranla Ermənistan arasında sıx iqtisadi əməkdaşlıq vardır. Biz bunu deyirik, ancaq İran tərəfindən bizim bu arzumuz yerinə yetirilmir. Çünki deyirlər ki, biz iqtisadi əlaqələr yaradırıq, filan edirik. Ancaq iş burasındadır ki, Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan bir neçə dəfə demişdi ki, əgər İrandan iqtisadi əlaqələrlə gələn şeylər iki gün kəsilsə, İrəvan boğular. Yəni bu iqtisadi əlaqələr, şübhəsiz ki, İran üçün faydalıdır. Çünki ticarət etməlidir, öz mallarını satmalıdır. Ancaq bizimlə qardaşlıq nöqteyi-nəzərindən bizim ölkəmizə təcavüz edən bir ölkə ilə bu qədər əməkdaşlıq etmək – mən açıq danışıram, indi ola bilər, kimsə incisin, ya inciməsin – bu bizi incidir» [1, s. 16].
2005-ci il mayın 12-də ermənilərin mənəvi lideri Aram Keşişyan Tehrana səfər edib. Onu burada İran İslam Respublikasının İslam əlaqələri və mədəniyyət təşkilatının rəhbəri hüccətülislam Mahmud Məhəmmədi Əraki qarşılayıb. Erməni keşişi İranla Ermənistan arasında əlaqələrin genişlənməsindən danışıb. Əraki gənclər arasında dinə inancın artmasını vurğulayaraq bu məsələlərə diqqətin artırılmasının vacibliyini söyləyib. Birinici Aram 15 gün İranda qalıb. O, ölkənin İsfahan, Mərkəzi, Şərqi Azərbaycan, Qərbi Azərbaycan əyalətlərində erməni icmasının təmsilçiləri ilə görüşüb və onlarla Ermənistana yardım məsələsini müzakirə edib.
Həmin il iyunun 1-də Təbrizdə yerli ticarət palatasının nümayəndələri Ermənistanın iş adamları ilə görüşüb. Tərəflər iqtisadi-ticarət əlaqələrinin genişlənməsindən danışıblar. Şərqi Azər¬baycan əyaləti gömrük idarəsinin rəisi Rza Kaviani bildirib ki, Ermənistana ixrac olunan qeyri-neft sektoruna aid malların 75%-i bu bölgənin payına düşür. Onun sözlərinə görə, 2004-cü ildə İrandan Ermənistana 155 milyon 947 min 105 dollarlıq mal ixrac olunub. Bunun 117 milyon 595 min 547 dolları Şərqi Azərbayjanın payına düşür. Ermənistan isə İrana bunun qarşılığında 23 milyon 323 min 653 dollar dəyərində mal ixrac edib.
İki ölkə arasında əlaqələrin genişləndirilməsində Təbriz şəhərində Ermənistanın baş konsulluğunun açılması mühüm addım oldu. Bu haqda iyunun əvvəllərində Şərqi Azərbayjan əyalətinin başçısı ilə erməni nümayəndə heyəti arasında danışıqlar aparılmışdı.
Ermənistanın məşhur bəstəkarı Loris Çknaçoryana İran prezidenti Məhəmməd Xatəmi ölkənin «Birinci dərəcəli mədəniyyət xadimi» ordeni verib. Xatırladaq ki, bu erməni bəstəkarına birinci Vazgen hələ 1977-ci ildə «soyqırım»la bağlı fəaliyyətinə görə birinci dərəcəli «Müqəddəs Saak Mesrop» ordeni vermişdi.
Bir müddət əvvəl İranın energetika naziri Həbibulla Bitərəflə Ermənistanın enerji naziri Armen Movsesyan arasında energetika sahəsində əməkdaşlığa dair memorandum imzalanıb. Həmin sənədə görə, tərəflər əsas elektrik xəttinin çəkilişinə başlayacaqlar. Bu layihə 2007-ji ilin sonunda başa çatacaq.
2006-cı il iyunun 16-da İrəvanda İranın təlim-tərbiyə naziri Mürtəza Hacı İran-Ermənistan iqtisadi əməkdaşlıq komissiyasınn sədri, Ermənistan Respublikası prezidentin icra aparatının rəhbəri Artaşes Tumanyanla görüş keçirib. Görüş zamanı tərəflər iqtisadi əməkdaşlığa dair birgə komissiyanın elm, təhsil məsələlərinə toxunaraq, onun inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar. Ermənistan prezident aparatının rəhbəri deyib ki, əməkdaşlığın genişləndirilməsindən ötrü ölkəsinin ali təhsil müəssisələrinə iranlı tələbələrin daxil olması üçün şərait yaradılacaq. Qeyd edək ki, Ermənistanda iranlı tələbələrin sayı 2006-cı ildə 1400 nəfərə qədər artıb [4, s, 52-55].
Öz növbəsində Ermənistan Prezident Aparıtının başçısı Artaşes Tumanyan da Tehranda olmuş, İİR Ali Təhlükəsizlik Şurasının sədri ilə görüşmüş və birgə təhlükəsizliyi möhkəmlətmək haqqında fikir mübadiləsi aparmışdır. Müzakirələrin gedişində iqtisadi layihələrin icrasının və kommunikasiya xətlərinin çəkilişinin sürətləndirilməsi, iqtisadi-ticarət və mədəni əlaqələrin inkişaf etdirilməsi, Təbrizdə Ermənistan konsulluğunun açılması və s. gündəmə gətirilən məsələlər olmuşdur.
19 dekabr 1998-ci ildə İİR XİN-nin Mərkəzi Asiya və Qafqaz Mərkəzində keçirilən «İran və Ermənistan: dünən, bu gün və sabah» seminarında Ermənistan prezidentinin məsləhətçisi Baxan Xabanesyan qeyd etmişdi ki, bu ölkələrin qarşılıqlı münasibətləri və əməkdaşlığı ta qədimdən, daha dəqiq desək, 4 min ildən artıqdır ki, davam edir. Bu münasibətlər xüsusən Əhəmənilər və Sasanilər dövründə qabarıq şəkildə özünü büruzə vermişdir. Bu iki xalq heç vaxt öz aralarında bir-birinə etibarsızlıq hiss etməyiblər və tarix boyu bir-birinə güvənərək sıx əlaqələrdə olublar. Hər iki xalq bu etibarı öz əcdadlarından varislik kimi qəbul edib və müasir dövrdə də bu münasibətlər davam edir [6, s.116-117].
Dünyanın bir çox ölkələrində olduğu kimi İranda da erməni icması xüsusi təşkilatlanıb. Hazırda icma iki ölkə münasibətlərinin inkişafına öz təsirini göstərir. İranda erməni icması 17-ci əsrin əvvəlində Şah Abbasın Qafqaza yürüşü dövründə yaranmışdır. Burada ermənilər əsasən Tehran, İsfahan, Təbriz, Urmiyə, Əhvaz və Ərak şəhərlərində yaşayırlar. Hazırda rəsmi mənbələrə görə, İranın erməni əhalisinin sayı 200 minə yaxındır. Onların əksəriyyəti ticarət və sənətkarlıqla məşğul olur. Şəhər əhalisi arasında həkimlər, mühəndislər, dövlət qulluqçuları, ali məktəb müəllimləri, biznesmenlər də vardır.
İcmanın həyatında erməni kilsəsi mühüm rol oynayır. Burada 30-a qədər erməni Qriqorian kilsəsi fəaliyyət göstərir. Onlardan 7-i Tehanda, 6-sı İsfahanda, qalanları digər 17 şəhərdədir. Bundan başqa, erməni katolik və yevangelist kilsələri də mövcuddur.
İİR-nın Konstitusiyasına görə, erməni məktəblərində dinin və erməni dilinin tədrisinə icazə verilir. Hazırda İranda 59 erməni məktəbi və 13 uşaq bağçası fəaliyyət göstərir ki, onlardan da müvafiq olaraq 33-ü və 5-i Tehran şəhərindədir. İsfahan universitetində erməni dili və ədəbiyyatı fakültəsi fəaliyyət götərir. Hər il fakültəyə qəbul edilən 25 tələbədən 8-i milliyyətcə ermənidir.
İranda 30-a qədər erməni cəmiyyəti fəaliyyət göstərir. Bu cəmiyyətlərdə ədəbi gecələr, konsertlər, teatr görüşləri və s. keçirilir. Eyni zamanda «İran erməni yazıçıları ittifaqı» mövcuddur. Hər il «Ararat» idman kompleksinin bayrağı altında ümumerməni yarışları keçirilir [7, s. 57-58].
İranda ermənilərin iki rəsmi təşkilatı vardır. Bunlar radikal millətçi Daşnaksütyün və Tərəqqi partiyalarıdır. 1920-ci ilin noyabrında Ermənistanda daşnak üsul-idarəsi devrildikdən və sovet hakimiyyəti qurulduqdan sonra Daşnaksütyün İran ərazisində geniş fəaliyyətə başladı. O dövrdə daşnak hökuməti üzvlərinin bir çoxunun İranda olması Daşnaksütyün partiyasının antisovet fəaliyyət istiqamətini müəyyənləşdirdi.
Daşnaksütyün İrandakı erməni icmasının sosial-mədəni həyatına demək olar ki, tam nəzarət edir. Onun mətbuat orqanı – erməni dilində gündəlik nəşr olunan «Alik» qəzetidir. Bu qəzetdən başqa, erməni dilində «İran ermənilərinin milli-mədəni ittifaqı»na məxsus olan «Siasai» adlı aylıq jurnal və «Erməni Xalq İttifaqı»nın «Araz» adlı aylıq qəzeti nəşr olunur. İİR-də erməni icması üç yeparxiya – Tehran, Təbriz və İsfahan yeparxiyalarına bölünürlər. Bu yeparxiyalarda yaradılmış şuralar rəsmi olaraq icmanın praktik fəaliyyətinə rəhbərlik edir və icmanı İranın hakimiyyət dairələri qarşısında təmsil edirlər. Şuralar tamamilə daşnakların nəzarəti altındadırlar. Məktəblərin əksəriyyətinə, milli-mədəni və idman birliklərinə da Daşnaksütyün partiyası himayədarlıq edir [7, s. 57-58].
Ermənistanda iranşünaslıq araşdırmaları 3 mərkəzdə, yəni Ermənistan Elmlər Akademiyası, İrəvan Universiteti və «Matenadaran» Dövlət Əlyazmalar Xəzinəsində həyata keçirilir. Ermənistan Elmlər Akademiyası 1943-cü ildə İrəvanda təsis edilmişdir, beş bölməyə, 27 institut və elmi şuraya malikdir. İran mədəniyyəti və tarixi ilə əlaqədar olan qurumlar bunlardır: Şərqşünaslıq İnstitutu, Tarix İnstitutu, Açaryan adına Etnoqrafiya və Arxeologiya İnstitutu, Abgiyan adına Ədəbiyyat İnstitutu, İncəsənət İnstitutu, Fəlsəfə və Hüquq İnstitutu. Ermənistanın Tarix muzeyi də Ermənistan Elmlər Akademiyasına bağlıdır və burada İranla tarixi əlaqələrə dair araşdırmalar həyata keçirilir [11, s.113].
İranşünaslığın digər mərkəzi 1968-ci ildə təsis edilmiş İrəvan Universiteti nəzdində Şərqşünaslıq İnstitutudur. 1940-cı ildən İrəvan Universitetində Şərq dilçiliyi adlı fakültənin açılması ilə bu universitetdə iranşünaslıq tədqiqatlarıı genişlənmişdir. Həmin fakültə sonralar Şərqşünaslıq İnstitutuna çevrildi. Həmin İnstitutda qədim və yeni İran dilləri, fars ədəbiyyatı, müasir fars dili, İranın müasir və qədim tarixinin iqtisadi və ictimai cəhətləri ixtisasları mövcuddur [11, s.113-114].
İran-Ermənistan mədəni münasibətlərində incəsənət sahəsində əlaqələrə də diqqət yetirilir. Ermənistan Ədəbiyyat və İncəsənət Muzeyi bu sahədə xüsusi rol oynayır. Bu muzey İrəvanda erməni yazıçılarının əlyazma nüsxələrinin saxlanma yeridir. Burada klassik fars ədəbiyyatı, o cümlədən Firdovsi, Sədi yaradıcılığı və İran musiqisi, onun erməni musiqisi ilə bağlılığı haqqında erməni musiqiçiləri tərəfindən yazılan müxtəlif dissertasiyalar və fars dilində əlyazma nüsxələri saxlanılır [11, s. 116]. İki ölkə muzeyləri arasında vaxtaşarı keçirilən sərgilər bu əlaqələrin daha da sıxlaşmasına xidmət edir.
Müsəlman İran dövlətinin Ermənistanla bir çox halda birləşməsi onların Azərbaycana qarşı uğurlar qazanmasına imkan verir. Buna misal olaraq, Dağlıq Qarabağ müharibəsi dövründə ermənilərin hərbi uğurlarını, 1992-93-cü illərdə Azərbaycanda siyasi gərginliyin yaranmasında onların birgə səyini və nəticədə Azərbaycan ərazisinin daha bir hissəsinin ermənilər tərəfindən işğalını göstərmək olar. İran rejimi sayca çox olmayan (120-140 min nəfər) ermənilərə başqa azlıqlara nisbətən əhəmiyyətli güzəştlər etməklə, onlara öz dillərində tədris, mətbuat azadlığı və İran İslam Şurası Məclisində deputat yeri verməklə təkcə Ermənistanın rəğbətini qazanmağa yox, həm də müxtəlif ölkələrdə fəaliyyət göstərən erməni lobbisini öz tərəfinə çəkməyə çalışır. Erməni lobbisi türklərə qarşı ümumerməni birliyi yaratmaqda və tarixi türk torpaqlarına iddialı olmaqda israrlıdır. Bu isə İranın türklərə münasibətdə strategiyası üçün əlverişlidir. Bundan başqa İİR-nın Ermənistanla isti münasibətlərdə olması onun Avropa ölkələri ilə əlaqələrdə erməni diasporası tərəfindən bir çox hallarda dəstəklənməsinə imkan verir.
İran və Ermənistanın mədəni sahələrdə, o cümlədən din, dil, adət-ənənə və s. sahələrdə heç bir ortaq nöqtələri olmadığı halda ermənilər özlərini ari köklü farsların qardaşı, bu kökdən əmələ gələn qol hesab edirlər. Fars şovinizmi üçün əlverişli olan bu iddia Ermənistanın İrandan daha artıq faydalanmasına və İrandakı ermənilərə daha çox imtiyaz qoparmasına şərait yaradır.
Beləliklə, tədqiq olunan dövrdə İranın Qafqaz siyasəti kontekstində İİR-nın Azərbaycan Respublikası ilə münasibətlərində ikili standart siyasəti yürütdüyünə şübhə qalmır. İran rejimi bir tərəfdən Azərbaycan Respublikasını özünə yaxın müsəlman qardaş ölkə adlandırır, onunla müxtəlif təşkilatlarda, o cümlədən İslam Konfransı Təşkilatında mehriban qonşu adı ilə onunla əməkdaşlıq edir, digər tərəfdən də Azərbaycana qarşı düşmən mövqeyində duran, onun ərazisinin bir hissəsini işğal edən, Azərbaycanın müsəlman xalqına qarşı ən alçaq cinayətlər törədən erməni daşnakları ilə strateji tərəfdaşlıq və dostluq edir. Bu əməkdaşlığa dair məqalədə gətirilən faktlar dediyimizə əyani sübutdur.
İşğal olunmuş Azərbaycan torpaqlarında islam mədəniyyəti abidələrini yerlə-yeksan edən, məscidləri mal tövləsinə çevirən erməni işğalçılarına ərzaqdan tutmuş yanacağa qədər hər şeyi verən İran İslam Respublikasının əməlləri müsəlmanların müqəddəs kitabı Qurandakı prinsiplərlə nə dərəcədə uzlaşır? İrəvan şəhərində 7 müsəlman məscidindən yalnız birini (iranlı tacirlər və iş adamları üçün) saxlayan, təkcə İrəvanda deyil, bütün Ermənistan ərazisindəki müsəlman ibadətdgahlarını və tarixi islam abidələrini məhv edən, 800 mindən çox insanı müsəlman (türk) olduqları üçün vətənlərindən didərgin salan bir dövlətlə İran rejiminin dostluğu və əməkdaşlığı Azərbaycanla münasibətlərinə qara kölgə salmaya bilməz. Adi münasibətlərdə olduğu kimi, dövlətlərarası əlaqələrdə də səmimiyyətlə riyakarlıq bir araya sığmaz. O özünü nə qədər gizlətsə də, istər-istəməz təzahür edəcəkdir.

Qaynaqlar:

1. Heydər Əliyevin İran İslam Respublikası ilə əlaqədar baxışları. İİR-in Bakıdakı səfirliyi (Azərbaycan və fars dillərində). Bakı: «Çaşıoğlu», 2004, 88 s.
2. Ermənistan Respublikası (məlumat sorğu kitabçası) Bakı: Qafqaz Etno-sosial Araşdırmalar Mərkəzi, (QESAM), 2006, 77 s.
3. «Olaylar qəzeti». 2005, 7 dekabr № 233 (1115)
4. S.Soltan. Tehran hakimiyyətinin islam dəyərlərindən danışmağa haqqı var? // «Bakı-Təbriz» jurnalı. Bakı: iyun 2005, № 003, səh. 52-55.
5. Libardin G. The Foreign Policy of Armenia. // Amu Darya. Iranian Journal of Central Asian Studies. Tehran: Summer 2001, vol. 6, No. 4, p. 290-294.
6. Saied Naghizadeh. Seminar on Iran and Armenia. // Amu Darya. The Iranian Journal of Centeral Asian Studies. Tehran: Spring 1999, Vol.4, No.1, p.115-125.
7. Heydər Əliyof və Şərq: Comhuriye-Eslamiye-İran. Baku, 2003, s.584
8. Ərmənestan. Gerdavəri və tənzime- Cəlil Rouşəndel, Rafiq Qulipur. Tehran, 1377, s.224
9. Hiç məhdudiyyəti bəraye-qoqstəreşe-rəvabete-İran və Ərmənestan vocud nədarəd. – ruznameye-Səlam. 14 bəhmən 1375, s.3
10. Dehqan Tərzicani. Rəvabete-xariciye-İran və həmsayeqan dər dəheye-dovvome-enqelabe-eslami: 1367-1377. Tehran, 1379, s. 38
11. Neqahi be iranşenasi və iranşenasane-keşvərhaye-moştərəkol-mənafe və Qəfqaz. Təlif-o-eqtebas əz Elhame Meftah. Tehran, 1382, s.195