Bu günlərdə “Türk otağı” adlı dərginin ilk sayı Türkiyədə işıq üzü görüb. Başlıca məqsədi türk dünyası gəncləri arasında mənəvi telləri möhkəmləndirmək olan jurnal İsmayıl bəy Qaspıralının məşhur “Dildə, fikirdə, işdə birlik!” deyimini özünə şüar olaraq seçib. Dil, mədəniyyət və tarix sahəsində çeşidli məqalələrin yer aldığı dərginin təsisçisi Erkan Sevim, redaktoru Səlahəddin Türütdür. Bundan başqa dərginin yeddi müstəqil türk dövlətində – Azərbaycan, Qazaxıstan, Şimali Kipr Türk Cümhuriyyəti, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistanda özəl təmsilçiləri var. Azərbaycan üzrə təmsilçi Cavid Əliyevdir.

Dərginin birinci sayında “Atatürk və türk dünyası” (Tamer Arslan), “Azərbaycan” (Cavid Əliyev), “Türk dünyasında Novruz” (Seval Oğuz), “Türk dünyasında musiqi” (Hüseyn Ağbaş), “Türklərdə döyüş sənəti” (Həvva Selcen Öztürk) və s. kimi məqalələr çap edilib.
Son dərəcə nəfis tərtibata malik jurnalın rüblük (üç ayda bir dəfə) nəşr olunması planlaşdırılır.