Giriş

Güney Azərbaycanın qərb bölgəsi geopolitik statusu və demoqrafik strukturu üzündən xüsusən son yüzildə ağır faciələrlə qarşılaşmışdır. Böyük güclər öz maraqlarını təmin etmək üçün həyata keçirdikləri dağıdıcı fəaliyyətlərdə bölgədəki etnik azlıqlardan istifadə etmiş və regionu ağır insani və iqtisadi zərərlərə məruz qoymuşlar. İngiltərə, Fransa və Rusiyanın kitabxanalarında kürd tarixi, mədəniyyəti və tayfa quruluşu haqqında yazılmış olan on minlərlə kitab, məqalə və kürdologiya institutları bu siyasətin bir göstəricisidir.
Güney Azərbaycanın qərbində Azərbaycan türkləri ilə yanaşı bölgənin quzeyində erməni və assurilər, güneyində isə kürdlər yaşamaqdadır. Bu etnik qruplar, xüsusən kürdlər özbaşınalıq və üsyanları ilə ciddi problemlərlə üzləşdirdikləri bölgənin demoqrafik strukturunun dəyişməsinə səbəb olmuşlar.

Kürdlər 400 illik bir dövrdə nəzarət altında olmayan sərhədlərdən Güney Azərbaycan ərazisinə girmişlər. Tayfa quruluşuna malik olan kürdlər köçəri həyat tərzi, daxili və xarici müharibələr, qıtlıq və başqa səbəblər üzündən Azərbaycanın qərb bölgəsinə köçmüş və bu köç 1990-cı illərə qədər davam etmişdir. Əvvəllər yalnız Türkiyə-Azərbaycan sərhədinin dağlıq bölgələrində köçəri halda yaşayan kürdlər hal-hazırda Maku, Xoy, Salmas, Urmiya, Sulduz, Qoşaqay (Miyandoab), Sayınqala və Tikantəpə xəttinin qərbindəki kəndlərə yayılmış, müəyyən həddə də adı çəkilən şəhərlərdə məskunlaşmışlar. Onlar I Dünya müharibəsindən etibarən Azərbaycan torpaqlarına iddia etməyə başlamışlar və bu yöndə mütəşəkkil surətdə fəaliyyət göstərirlər. Şeyx Übeydullah Şəmzini, Simko və Ömər xan Şəkak kimi talançı tafya başçılarını kürd istiqlal hərəkatının banisi və kürd xalqının qəhrəmanları kimi təqdim edirlər. Qondarma Mahabad cümhuriyyətini ilk müstəqil kürd dövləti kimi qələmə verirlər. Yazdıqları və yazdırdıqları kitablarda Azərbaycanın qərbini böyük Kürdüstanın bir parçası, Mukri Kürdüstani, Şimali Kürdüstan deyə adlandırırlar.
Bu məqalənin məqsədi tarixi sənədlərə dayanaraq kürdlərin Azərbaycan ərazisinə köçdüklərini, yaşadığı bölgələri, sayını və Azərbaycanda yayılma səbəblərini göstərib təhlil etməkdir.

Güney Azərbaycan və qərb bölgəsinin ümumi durumu

Tarixi qaynaqlara görə, Güney Azərbaycan ərazisi ən azı 170 min kv.km. sahə ilə indiki Şərqi Azərbaycan. Qərbi Azərbaycan, Ərdəbil, Zəncan, Həmədan və Qəzvin vilayətlərini, Bicar, Qürvə, Astara bölgələrini əhatə etməkdəydi. Bölgə əhalisinin 15-16 milyon olduğu təxmin edilir. Azərbaycan türkləri bölgə əhalisinin 90%-ni təşkil edirlər.1
1937-ci ildə mərkəzi hakimiyyətin siyasi məqsədlərinə uyğun olaraq etnik bölgələr yeni inzibati vahidlərə bölünərək 10 yeni ostan (əyalət) yaradıldı və Güney Azərbaycan ərazisi 4 ostan halına gətirildi: 1. Zəncan, Qəzvin və Astara ostanı; 2. Təbriz-Ərdəbil ostanı; 3. Urmiya, Xoy, Savuqbulaq, Marağa, Bicar ostanı; 4. Həmədan ostanı. Bu bölgü zaman keçdikcə dəfələrlə Azərbaycanın əleyhinə dəyişdirildi. Əvvəlcə Astara bölgəsi Zəncandan alınıb Gilan ostanına verildi. İnqilabdan sonra Qəzvin bölgəsi yeni bir ostana çevrildi, Ərdəbil bölgəsi 2-ci ostandan (Şərqi Azərbaycandan) qoparılaraq Ərdəbil ostanı oldu, 3-cü ostanın (Qərbi Azərbaycanın) Bicar, Gerus və Qürvə bölgələri Kürdüstan əyalətinə verildi.
Qərbi Azərbaycan müxtəlif bölgülərdən sonra bu gün 45 min kv.km sahəni əhatə edir. Şimaldan Quzey Azərbaycanla, qərbdən Türkiyə ilə, cənub-qərbdən İraqla xarici sərhədlərə malikdir. Əhalisi təxminən 3.020.893 nəfərdir. Bu əhalinin təqribən 1.574.730 nəfəri şəhərlərdə, 1.331.735-i kəndlərdə, 114.617-si isə köçəri halında yaşayır. Qərbi Azərbaycan 14 vilayət, 30 şəhər, 36 qəza, 109 kəndistan və 37373 kənddən ibarətdir.2 Mərkəzi Güney Azərbaycanın ikinci böyük şəhəri olan Urmiyadır.

Azərbaycanda kürdlərin tarixi mənşəyi

Tarixi mənbələr kürdlərin haradan gəldiyi, harada məskunlaşdığı və sayı barədə məlumatlar vermişdir. Haddona görə, kürdlər İrana kənardan gəlmiş və türklərdən çox sonra bu bölgələrdə yerləşmişlər. Arnold Vilson kürd tayfalarının Osmanlı torpaqlarından Azərbaycana gəldiyini yazır.3 Qarsten Neybor köçəri kürd tayfalarının sayca çox olduğunu, yalnız öz vətənlərində deyil, Suriya və İranda da yaşadıqlarını göstərir.4 Maku, Çaldıran, Xoy, Salmas və Urmiya kürdlərinə Şəkak deyilir və onlar Anadoluda yaşayan kürd tayfalarındandır. Sulduz, Xana, Savuqbulaq, Bukan və Sayınqalada yaşayan kürdlər isə Mesopotamiya kökənlidirlər. Bu əşirətlər Mokri, Şəkakan, Herki, Mamış, Zaza, Milan, Dehbokri, Cəlali və digər tayfalardan ibarətdir. XVI yüzilliyin sonlarında yazılan, kürd tayfalarının tarix və coğrafiyasını əks etdirən və kürd tarixiin araşdırılmasında əsas mənbə rolunu oynayan «Şərəfnamə» kitabında bu gün Savuqbulaq bölgəsində geniş bir əraziyə yiyələnmiş Mokrilərin Osmanlı ərazisindəki Zül şəhəri (Şəhrəzur hazırda İraqa daxildir) ətrafında yaşayan Mukriyə tayfasına bağlı olduğu yazılır. Rəvayətə görə, Baban paşaları nəslinə mənsub Seyfəddin adlı bir şəxs Baban tayfasını və digər kürd əşirətlərini toplayıb Azərbaycandakı Dəryaz bölgəsini Çabuklu türklərindən alaraq orada məskunlaşmışdır.5 «Seyrüld-əkrad» müəllifinə görə də, Mukri tayfası XVI yüzilliyin sonlarında Osmanlı torpaqları və Quzey Mesopotamiyadakı İbn Ömər ərazisindən (indiki Suriya) Azərbaycana köç etmişlər. O yazır ki, ilk dəfə Baban nəslindən Babamir adlı bir nəfər Savuqbulağı Azərbaycan türklərindən almış və onun sülaləsi müəyyən müddət bu bölgəyə hakim olmuşdur. Qaçar dönəminə qədər Mukri tayfası Əfşar birliyinin üzvü idi və 1882-ci ildə birliyin bəylərbəyi Məhəmmədqulu xan Savuqbulaq bölgəsinin idarəçiliyini Dünbuli türklərindən alıb Budaq xan Mukriyə vermişdir.6 «Mahabad tarixçəsi»nin müəllifinə görə, Osmanlı kürdlərindən ibarət Bəlbas birliyi XVIII yüzildə Bamir ağanın başçılığı ilə Osmanlı ərazisindən (bu günkü İraq torpaqlarından) Azərbaycanın İlətimur bölgəsinə köçmüşdür.7 Bəlbas birliyi Mamış, Məngur və Piran tayfalarından ibarətdir. Hazırda Mamış tayfası Savuqbulaq-Nəqədə arasında (Sulduz bölgəsində) yaşamaqdıdar. Osmanlı (İraq) ərazisindən köçən Məngurlar Sərdəşti, Piran tafyası isə Xana şəhəri və kəndlərini ələ keçirmişlər. Dehbokri tayfası da XVIII yüzilliyin sonunda Bayram ağanın başçılığı ilə Diyarbəkrdən Azərbaycanın Savuqbulaq bölgəsinə köçmüş və bu köç üçün müxtəlif səbəblər, o cümlədən quraqlıq və qıtlığı göstərmişlər.8 Bu tayfa hal-hazırda Bukan şəhəri və ətrafında yaşamaqdadır. Özlərini Vəsman ağa və Həzar ağanın nəvələri sayan Gevrək tayfası kürdləri Məngurlardan bir neçə il əvvəl Azərbaycana kbçmüşlər. Feyzullahbəyi tayfası isə özünü Teymurilər zamanı İraqda yaşamış Fəqih Əhməd Dareşmənənin nəsli sayır. Azərbaycana gəlişinin səbəbi və tarixi bəlli deyildir.9 Şəkaki əşirəti Osmanlı ərazisinin şərqində yaşayırdı. Bu əşirətiin müxtəlif tayfaları Səfəvi dövlətinin yaranmasından etibarən yavaş-yavaş Azərbaycana köçmüşlər. Bu tayfalar XX əsrə qədər ilin yarısını Osmanlı torpaqlarında keçirirdilər və bir növ ikili vətəndaşlığa malik idilər. Cəlali əşirəti isə (20 min nəfər) Şah Abbas dönəmində Osmanlı sədrəzəmi Quyucu Murad paşanın qarşısından qaçaraq Səfəvilərə sığınmışlar. Şah Abbas Cəlalilərdən səkkiz minini Bəradust bölgəsində10, qalanını isə Maku ətrafında yerləşdirmişdir. Göründüyü kimi, kürd yazar və tarixçilərinə görə, kürd tayfaları Azərbaycan torpaqlarına başqa yerlərdən gəlmişlər və burada heç bir tarixi kökə malik deyillər.

Qərbi Azərbaycanın demoqrafik strukturu

İrandakı etnik azlıqların sayı arədə rəsmi bir statistika mövcud deyildir. Bu səbəbdən onların sayı barədə söylənənlər təxminə əsaslanır. Məqalədə İran Statistika Mərkəzinin (İSM) son məlumatlarına söykənməklə Qərbi Azərbaycan bölgəsində yaşayan kürd əhalisi haqqında bilgi veriləcəkdir.
Qərbi Azərbaycanın quzeyində, Türkiyə və Şimali Azərbaycanla həmsərhəd Maku vilayətində Milan, Cəlali və Heydəranlu kürd tafyaları dağınıq şəkildə yaşamaqdadır. İSM-in son məlumatlarına görə, Cəlali (Xaliqanlu) tayfası 15796 nəfərdən (2238 ailə), Milan tayfası 11502 nəfərdən (1686 ailə) və Hedəranlu tayfası 1396 nəfərdən (183 ailə) barətdir. Yəni bu bölgədə təxminən 28694 nəfər kürd hal-hazırda yarımköçəri həyat sürməkdədir. Cəlali tayfası YUNESKO-nun 1963-cü ildə verdiyi məlumata görə, 1135 ailədən ibarət olmuşdur. Həmin rəqəmə istinad etsək, 3%-lik artımla bu gün bu tayfanın sayı 15 min civarında olmalıdır. Bu tayfa hazırda Azərbaycanın qərbində köç edən ən böyük tayfadır və bölgədəki köçərilərin 48.2%-ni təşkil edir. Milan tayfasının əhalisi 1963-cü ildə 2030 ailədən ibarət olmuşdur.11 Bu rəqəmi 3%-lik artımla hesablasaq, günümüzdə bu tayfanın əhalisinin təqribən 27 min nəfər olduğunu söyləyə bilərik. Heydəranlu tayfası 1963-cü ildə 1800 nəfərdən (300 ailədən) ibarət olmuşdur ki, 3%-lik artımla hazırda bu tayfadakı əhalinin sayı 4 min nəfərə yaxın olmalıdır. Yəni hal-hazırda bu tayfalarda 46 min nəfər yaşamaqdadır. İSM-in son məlumatına görə, Maku və Çaldıran vilayətinin əhalisi 174199 nəfərdir. Maku şəhərinin əhalisi isə 36747 nəfərdir. Şəhərdə 10% (3674 nəfər) kürd əhalinin olduğu təxmin edilir. Yəni bu bölgədə təqribən 50 min kürd yaşamaqdadır. Bu da bölgə əhalisinin 28%-i deməkdir.
Kürd tayfalarının yaşadığı digər bir bölgə Xoy vilayətidir. Bu bölgədə Kürəsünnü və Məməqanlu tayfaları Türkiyə sərhədlərində yaşayırlar. Son məlumatlara görə, Kürəsünnü əşirətinin köçəri əhalisi 1835 nəfərdir (239 ailə). 1962-ci ilin məlumatlarında bu tayfanın əhalisi 400 ailə (təqribən 2500 nəfər) göstərilmişdir. Məməqanlu tayfası da Türkiyə ilə Güney Azərbayan sərhədlərində yaşayır. Son məlumatlarda bu tayfanın köçəri əhalisinin sayı 901 nəfər (115 ailə) göstərilmişdir. 1962-ci ilin məlumatında tayfa əhalisinin sayı təqribən 1500 nəfər (250 ailə) kimi verilmişdir. Hazırda Səfaiyə, Zərabad, Zəri və Qoqur bölgəsində təqribən 35 min kürd yaşamaqdadır. Xoy vilayətinin əhalisi 425859 nəfərdir. Xoy şəhərinin əhalisi ilə 163838 civarındadır. Burada əhalinin 8%-nin (13400 nəfər) kürdlərdən ibarət olduğu təxmin edilir. Yəni bölgədə təqribən 40-45 min kürd yaşamaqdıdar. Bu da bütövlükdə Xoy bölgəsi əhalisinin 10%-ni təşkil edir. Bölgədə həmçinin təqribən 8 min nəfər erməni yaşamaqdadır.
Xoy-Urmiya arasında yerləşən Salmas bölgəsində də kürd tayfaları yaşamaqdadır. Çehrik, Kürəsünnü, Delzəy, Kuhsar və Ketban kəndlərində yaşayan kürdlərin sayı təqribən 35 min nəfərdir. Salmas vilayətində təqribən 119667 nəfər əhali vardır. Salmas şəhərinin əhalisi isə 71968 nəfərdir. Burada da digər bölgələrdə olduğu kimi şəhərin 10%-ni (7190 nəfər) kürdlərin təşkil etdiyi təxmin olunur. Yəni bölgədə təqribən 42 min nəfər kürd yaşamaqdadır. Bu da bütövlükdə Sadmas bölgəsi əhalisinin 30%-ni təşkil edir. Bündan əlavə bu bölgədə təqribən 20 min erməni və assuri yaşamaqdadır.
Azərbaycanın qərb bölgələrinin mərkəzi statusunda olan Urmiya Azərbaycanın ən qədim və tarixi şəhərlərindən biridir. Əhməd ibn Yaqub «əl-Buldan» kitabında yazır: «Urmiya Azərbaycanın ən böyük və qədim şəhərlərindəndir. İslamdan sonra Urmiya Marağanın ardınca Azərbaycanın ikinci böyük şəhəri idi».12
Urmiyanın şimal-qərbində, Salmasla Urmiya arasında Türkiyə ilə Azərbaycan sərhədlərindəki Sumay və Bəradust bölgəsində Şəkakan əşirəti yaşayır. Son məlumatlara görə, Şəkakan tayfasının köçəri əhalisi 923 nəfərdir (112 ailə). Hal-hazırda Türkiyə-Azərbaycan sərhədlərində Urmiyanın Sumayi-Bəradust bölgəsində 41332 nəfər, Azərbaycanla İraq sərhəddindəki Silvanə bölgəsində (Tərgvər, Mərgvər, Dəşt) isə 58883 nəfər kürd əhalinin olduğu təxmin edilir. Urmiya vilayətinin əhalisi 969129 nəfərdir. Urmiya şəhərinin əhalisi isə 467840 nəfərdir. Burada əhalinin 20%-ni (86 min nəfər) kürdlərin təşkil etdiyi təxmin olunur. Beləliklə, Urmiya bölgəsində 168215 nəfər kürd yaşamaqdadır. Bu da Urmiya bölgəsi əhalisinin 16%-ni təşkil edir. Bundan əlavə bölgədə təqribən 65 min erməni və assuri yaşamaqdadır.
Beləliklə, Qərbi Azərbaycanın şimal bölgəsində (Maku, Xoy, Salmas, Urmiya) təqribən 1.688854 nəfər yaşamaqdadır. Bu bölgədəki kürd əhalisi ilə 305215 nəfərdir. Bu da bölgə əhalisinin 18%-ni təşkil edir. Bölgədə həmçinin 80 min civarında erməni və assuri yaşamaqdadır ki, bu da əhalinin 5%-i deməkdir. Bu rəqəmlərə sasən, bölgə əhalisinin 77%-nin Azərbaycan türklərindən ibarət olduğunu söyləmək olar.
Sulduz bölgəsi Urmiya gölünün cənubunda yerləşir. Bu bölgədə Qarapapaq türkləri ilə yanaşı Zaza, Piran və Mamış kürd tayfaları da yaşamaqdadır. Türklər Nəqədə şəhəri və ətrafında, kürdlər isə Uşnu və Xana (Piranşəhr) şəhərləri və ətrafında yaşayırlar. Bölgənin ümumi əhalisi 348603 nəfərdir. Qarapapaq türklərinin sayı təqribən 140 min nəfərdir. Bu da bölgə əhalisinin 40%-ni təşkil edir. Yəni bölgə əhalisinin təqribən 60%-i kürdlərdən ibarətdir.
Kürdlərin yaşadığı digər bir bölgə Savuqbulaq bölgəsidir. Bu bölgədə Mukri, Mamış, Dehbokri, Məngur və Gəvrək tayfaları yaşayır. Bölgə tamamilə kürdlərin əlinə keçmişdir. Savuqbulaq (Mahabad) bölgəsində 225074, Bukanda 2351353 və Sərdəştdə isə 85969 nəfər yaşamaqdadır. Bölgədə bütövlükdə 546196 nəfər kürd əhalisi yaşayır.
Qərbi Azərbaycanın güney hissəsində Qoşaçay, Sayınqala və Tikantəpə şəhərləri yerləşir. Qoşaçay bölgəsində 23920 nəfər yaşayır. Qoşaçay kürdlərin ən az nüfuz edə bildikləri şəhərdir. Kəndlərində isə təqribən 40 min kürd yaşamaqdadır. Sayınqalanın əhalisinin 87868 nəfər olduğu təxmin edilir. Şəhərdə 3000 nəfər civarında, Mahmudcuq (şiə kürdlər), Səfəxana, Ağtəpə kimi kəndlərdə isə təqribən 30 min nəfər kürd əhalisi vardır. Tikantəpə bölgəsində əhalinin ümumi sayının 110487 nəfər olduğu təxmin edilir. Şəhərdə 42332 nəfər əhali yaşayır ki, bunun da təqribən 10500 nəfəri (25%-i) kürddür. Kəndlərində isə təxminən 25 min kürd yaşayır. Bu bölgənin ümumi əhalisi 437240 nəfərdir və bölgədə təqribən 108 min kürd vardır. Bu da bölgə əhalisinin təqribən 25%-ni təşkil edir.
Yekun olaraq, deməliyik ki, Qərbi Azərbaycanda yaşayan 3.020.893 nəfər əhalinin təqribən 1.853.000 nəfəri (61%) Azərbaycan türkləri, 1.168.014 nəfəri (37%) kürdlər, 80.000 nəfəri (2%) isə erməni və assurilərdir. Bu isə kürdlərin bütövlükdə Güney Azərbaycan əhalisinin təqribən 7%-ni təşkil etdiyini göstərir.

Qərbi Azərbaycanda kürdlərin məskunlaşma səbəbləri

XIX əsrin sonları-XX əsrin əvvəllərində Azərbaycanda böyük dəyişikliklər baş verdi. Türk tayfa strukturu aradan qalxdı və Dünbuli, Əfşar, Makuyi və digər tayfalar yarımköçəri həyat tərzini buraxıb Azərbaycan kəndlərinə yerləşdilər. Bunun müqabilində Cəlali, Milan, Dehbokri və Bəlbas birliyi kimi kürd əşirətləri tayfa strukturunu qorudular və hərbi-siyasi nisbət onların xeyrinə dəyişdi. O vaxta qədər kürd üsyanlarını Təbriz və Tehrana ehtiyac olmadan türk tayfaları müvəffəqiyyətlə yatırırdı. Türk tayfalarının oturaq həyata keçməsinin ağır nəticələri Şeyx Übeydullah Şəmzini və Simko üsyanlarında açıq-aşkar göründü. Osmanlı tabeliyində olan və Azərbaycandakı kürd əşirətləri içərisində də nüfuz qazanmış Şeyx Übeydullah Şəmzini 1881-ci ildə Güney Azərbaycana hücum çəkdi. Kürdlər Şeyxin ətrafında birləşərək kəndləri qarət etməyə, əhalini öldürməyə başladı. Şeyxin oğlu Əbdülqadir və Osmanlıdan qaçaraq Savuqbulaqda yerləşən Mərgvər tayfasının başçısı Həmzə ağa Qoşaçaya həmlə edib kəndləri yandırdı. Məlikkəndi də Qoşaçayla eyni taleni yaşadı. Bu hadisələrdə onlarla kənd dağıdıldı, on minlərlə insan həyatını itirdi. Birinci dünya müharibəsi dövründə erməni, assuri və kürd üsyanları Azərbaycan üçün daha ağır və təhlükəli nəticələr doğurdu. Məsələn, Urmiya ətrafındakı 300 kəndin az qala hamısı dağıdıldı. Urmiyanın əhalisi 25 mindən 5 minə endi.13 Kürd tayfaları qarət və qırğından əl çəkmirdi. Bu tayfalar Şəkakan əşirətindən olan və Xoyla Salmas arasındakı kəndləri ələ keçirən Simko tərəfindən idarə olunurdu. 20 il (1905-1926) ərzində Azərbaycanın qərb bölgələrində terrora rəvac verən Simko və kürd tayfaları bölgədə əhali nisbətinin və yerləşmə sahələrinin dəyişməsinə səbəb oldular. Bu hadisələrdə azı 150 min azərbaycanlı həyatını itirdi, yüzlərcə kənd dağıdıldı və ya boşaldıldı. Həmin ərazilər kürdlər tərəfindən işğal edildi.
1930-cü illərdə Rza şahın taxtaqapı (əşirətləri zorla oturaqlşadırma) siyasəti nəticəsində artıq boşalmış türk kəndlərində kürdlər məskunlaşdılar. Rza şah və fars ideoloqları Türkiyə ilə Güney Azərbaycan arasında bir bufer zonanın yaradılmasının İranın təhlükəsizliyi baxımından əhəmiyyətli olacağını düşünürdülər. II Dünya müharibəsi bölgəni yenidən qarışdırdı. 1941-ci ildə Rzaşah taxtdan salındı və bölgə ruslar tərəfindən işğal edildi. Sürgünə göndərilmiş əşirət ağaları geri döndülər və ənənəvi həyat yenidən başladı. Ruslar Urmiyaya girməzdən öncə İran ordusunun atıb qaçdığı silahları ələ keçirən kürdlər şəhərdə qırğın törətdilər. Urmiya bazarını qarət edib yandırdılar. 1942-ci ildə kürd, erməni və assurilər «Azadlıq» adlı bir təşkilat qurub Azərbaycan kəndlərini qarət etməyə başladılar. Yüzlərlə insan öldürüldü və 2000 ailə kəndləri boşaldıb qaçmaq məcburiyyətində qaldı.14 Urmiya və şimal bölgələrində bu olaylar yaşanarkən cənub bölgələrdə, Savuqbulaqda hadisələr daha fərqli bir məcrada inkişaf edirdi. Həmin ilin sentyabr ayında «Komələ Jiyan Kürdüstan» (Kürd Yaşam Partiyası) adlı partiya yaradıldı və bunun ardınca 10 min. kv. km sahəni əhatə edən muxtar bir bölgə təşkil olundu. Beləliklə, Savuqbulaq (Mahabad) kürdçü hərəkatın mərkəzinə çevrildi.
«Ağ inqilab» adlandırılan torpaq islahatı da bir çox kəndlərin Azərbaycan mülkədarlarının əlindən alınıb kürd kəndlilərinə verilməsinə səbəb oldu. Yəni 1979-cu il inqilabına qədərki dövrdə kürdlər dağlardan enib kəndlərdə yerləşmə mərhələsini bitirmiş oldular. Bu arada, xüsusən 1950-ci illərdən sonra əhali sürətlə artdı və 20 il içərisində ikiqat oldu. İnqilabdan sonra kürd və sol təşkilatların silahlı mücadiləsi bölgəni yenidən qarışılığa sürüklədi və əhalinin yerdəyişməsinə səbəb oldu. Məsələn, Savuqbulağın Viranşəhr, Yazdağı, Xəlfiyan, Xantavus, Molladərəsi, Baykanqala və digər bölgələrində yaşayan şahsevənlərin kəndləri yandırıldı və bütün var-dövlətləri talan edildi. Şahsevənlər də bu fəlakətdən sonra bölgəni tərk etmək zorunda qaldılar. Xana şəhərinin sakinləri də eyni aqibətlə üzləşdilər. Bu dönəmdə kürd əhalinin üstünlük təşkil etdiyi bölgələrdə yaşayan bütün türk kəndləri təzyiqlərə davam gətirməyib köçməyə məcbur oldu. İnqilabdan sonrakı dövrdə baş vermiş digər önəmli bir proses də kürdlərin azərbaycanlılar yaşayan şəhərlərə köməsidir. İnqilabdan qabaq türklərin yaşadığı şəhərlərdə kürdlərin sayı qeyd edilməyəcək həddə olduğu halda, hazırda 5-25% arasında artmışdır.
Qərbi Azərbaycanda əhali nisbətinə təsir göstərən digər bir amil Şimali İraqda yaşanan olaylardır. Bu olaylar Qərbi Azərbaycana əhali tərkibinin dəyişməsi ilə bərabər, siyasi və iqtisadi təsir də göstərməkdədir. 1945-ci ildə İraq ordusuna məğlub olub sərhədi keçən Bərzan tayfasından 10 min kürd Azərbaycana gəldi. Üç min nəfərlik silahlı qüvvəyə malik olan tayfa Qazi Məhəmmədin qurduğu muxtar bölgənin müdafiəçisinə çevrildi. Bərzanilərin bu gözlənilməz gəlişi olmasaydı, böyük ehtimalla kürd partyiası məqsədlərinə yetişə bilməzdi.15
1965-ci ildən etibarən İranın şimali İraq kürdlərini dəstəkləməsi ilə İraq kürdlərinin Güney Azərbaycana sığınması intensivləşdi. 1975-ci ilin martında İranla İraq sərhəd probleminə dair razılığa gəldilər; Şimali İraqda mərkəzi hakimiyyətlə döyüşən və İranın dəstəyini itirən kürdlər məğlübiyyətə uğradı. Səddam ordusunun həmləsinə məruz qalan 100 min kürd bölgədən qaçaraq, bundan öncə Azərbaycana sığınmış daha 100 min kürdə əlavə olundu.16
1987-ci ilə qədər 50 min nəfər, 1988-ci ilin avqustunda isə 100 min nəfər yenidən sərhədi keçib Azərbaycanın kənd və şəhərlərində, xüsusən Xoy, Urmiya və Uşnu ətrafında qurulmuş sığınacaqlara yerləşdi. Bunlardan azı 50 min nəfərin geri dönmədiyi təxmin olunur. Bölgədəki qarışıqlıq və sərhəddəki nəzarətsizlik qaçaqmalçılıq yolu ilə gəlirlərin artımına səbəb oldu, bu da sərhəd rayonlarında yaşayan kürdlərin alıcılıq qabiliyyətini yüksəldərək, onların xüsusən şəhərlərdə ev almalarına şərait yaratdı.

Nəticə

Güney Azərbaycanın qərb bölgəsi geopolitik özəlliyi sayəsində daim çəkişmə mərkəzinə çevrilmişdir. Şübhəsiz, Azərbaycanın qərb bölgəsində potensial təhlükə sərhədlərdə yerləşmiş olan kürdlərdir. Bu səbəbdən bölgədə əhali faktoru böyük onəm qazanmaqdadır. Kürdlərin yayılma siyasəti bölgədə əhali nisbətini onların xeyrinə dəyişdirilməkdədir. Gələcəkdə nəzarətsizlik yarandığı təqdirdə Urmiya gölünün cənubundakı torpaqların (Savuqbulaq və ətrafı) tamamilə kürdləşməsi və kürdlərin bölücülük fəaliyyətləri nəticəsində Azərbaycanın bu bölgəsinin böyük toqquşmalara səhnə olacağı labüd görün¬mək¬dədir.

Ədəbiyyat:

1. Nəsib Nəsibzadə. Məsəleye-Azərbaycan dər İran. – «Qoft--» № 3, Tehran, 1381, s.73.
2. Mərkəze-Amare-İran.
3. Henri Filt. Mərdomşenasiye – İran. tərc. Abdulla Fəyar. Tehran, 1334, s. 791.
4. Etem Xemgin. Osmanlı-Səfəvi dönəmində Kürdüstan tarixi, c.3., İstanbul, 1997, s. 173.
5. Yegane İsa. Sulduz və qəziyeye-kürdüstane-mokriyan. – «Çənlibel» dərgisi, 1383, № 3.
6. Borzuyi Müctəba.Ouzaye-siyasiye-Kürdüstan əz 1258 ta 1325. Tehran, 2000, s. 40.
7. Seyid Məhəmməd Səmədi. Təvayif və əşayere-kürd. Mahabad, 1382, s. 59.
8. Yenə orada. s. 59.
9. Yenə orada, s. 64.
10. Etem Xemgin. Göstərilən əsəri, s. 350.
11. Əfşar Sistani. Moqəddemei bər şenaxte-ilha, çadorneşinan, təvayef və əşayere-İran. Tehran, 1987, s. 142.
12. Yenə orada, s. 154.
13. Devid Makdouell. Tarixe-moasere-kürd. Tərc. İbrahim Yunisi, Tehran, 2001, s. 372.
14. Yenə orada, s. 398.
15. Yenə orada, s. 411.
16. Yenə orada, s. 563.

Azərbaycan türkcəsinə uyğunlaşdıran: Məsiağa Məhəmmədi