(Təbriz Universiteti Ədəbiyyat fakültəsinin jurnalı əsasında)

1945-ci il dekabr ayının 12-də Güney Azərbaycanda təşkil edilmiş Milli hökumətin mədəniyyət sahəsində gördüyü ən mühüm işlərdən biri Azərbaycan dilini rəsmi dövlət dili elan etməsi olmuşdur. Həmin münasibətlə qəbul edilmiş «Dil haqqında Azərbaycan Milli Hökumətinin qərarı»nda deyilirdi: «Bu gündən (6.I.1946 – V.M.) etibarən Azərbaycanda Azərbaycan dili rəsmi dövlət dili hesab olunur».1 Qərarda məktəblərin Azərbaycan dilinə keçməsi bir vəzifə olaraq qarşıya qoyulurdu.
1946-cı il yanvar ayının 6-da Azərbaycan Milli Hökuməti Təbrizdə Azərbaycan Dövlət Universitetinin təşkil olunması haqqında qərar çıxardı. Azərbaycan Dövlət Universiteti rəsmi surətdə həmin ilin iyun ayının 12-dən fəaliyyətə başladı. Təbriz Universiteti üç fakültədən: Ədəbiyyat, tibb və hüquq fakültələrindən ibarət olsa da, yalnız ədəbiyyat və tibb fakültələri fəaliyyət göstərməyə başladı. Universitet öz işini tənzimləməyə imkan tapmadı, çünki artıq ilin sonunda İran dövləti Azərbaycan Milli hökumətinin fəaliyyətinə son qoydu. Bununla belə İran hökuməti Təbriz Universitetini həmişəlik bağlamağa da cürət etmədi.

Sadəcə olaraq, Universitetin Milli hökumətə bağlılığını yaddaşlardan silmək üçün 1947-ci ildə İran şahı Təbrizdə universitet təsis edilməsi haqda fərman verdi. Bu fərman Təbriz Universitetinin fəaliyyətinin bərpa və davam etdirilməsinə qanuni əsas yaradırdı.
1947-ci ildə Təbriz Universiteti iki fakültədən – Ədəbiyyat və Tibb fakültələrindən ibarət idi. Sonralar universitetdə fakültələrin və onun nəzdində fəaliyyət göstərən ali təhsil müəssisələrinin sayı artdı. 1950-ci ildə Farmakologiya, 1955-ci ildə Kənd təsərrüfatı, 1958-ci ildə Texnologiya fakültələri təsis edildi. 1948-ci ildə mamaçılıq və tibbi yardım məktəbi, 1950-ci ildə Pedaqoji institut, 1958-ci ildə tibb texnikumu, 1960-cı ildə Pedaqoji institutun elmi şöbələri təsis edildi.2
1960-1961-ci tədris ilində Universitetin aşağıdakı ixtisaslar üzrə kadr hazırladığı qeyd edilir: tibb, farmakologiya, feldşerlik, fars dili və ədəbiyyatı, fransız dili, injilis dili, tarix və coğrafiya, fəlsəfə, kənd təsərrüfatı, psixologiya. Əvvəlki tədris ilində (1959-1960) universitetin dörd fakültəsi və iki ali müəssisəsini 63 qız və 236 oğlan bitirmişdi.
1960-1961-ci tədris ilində universitetdə 7 xarici professor (1 – tibb, 2- ədəbiyyat, 3 – kənd təsərrüfatı, 1 – texnologiya), 30 yerli professor (25 – tibb, 4 – ədəbiyyat, 1 – texnologiya), 29 dosent (17 – tibb, 7 – ədəbiyyat, 5 – kənd təsərrüfatı)3 tədrislə məşğul olmuşlar.
1960-1961-ci illərdə univeristetdə cəmi 2150 tələbə (697 – ədəbiyyat, 489 – tibb, 489 – mamaçalıq və s.) təhsil alırdı.
1962-ci ildə universitetin rektoru d-r Bazərqan demişdi: Təbriz universitetində 30 professor (ostad) 30 dosent (daneşyar), 50 müəllim, köməkçi (dəstyar) və katib (dəbir) işləyir, bununla da universitetin kadr məsələsi demək olar ki, həll edilmişdir.4
1962-ci ildə maliyyə çatışmazlığı bəhanəsi ilə universitetin axşam şöbəsi 4 illik fəaliyyətdən sonra bağlandı. Bu addım birinci kursa 300 nəfər qəbul edildikdən sonra atılmışdı. Şahın xanımına, baş nazirə müraciət edilmiş, sonuncu kömək göstərəcəyini vəd etsə də, bir nəticə hasil olmamışdı.5
Göründüyü kimi, ən çox tələbəsi olan fakültə Ədəbiyyat fakültəsi idi. Bu fakültə yenidən təsis edilmiş universitet qarşısında duran əsas missiyanın – Güney Azərbaycanda fars dilinin mövqeyini möhkəmləndirməyin əsas icraçısı idi.
1965-ci ildə Təbriz universiteti tədris korpuslarının tikintisi davam etdirilmiş, yaxın 2 ayda 160 yerlik yataqxananın istifadəyə veriləcəyi,6 texnologiya fakültəsinə məxsus korpusun tikintisi başa çatdıqdan sonra burada 600 nəfərin təhsil alacağı qeyd olunmuşdur.7
1965-ci il noyabr ayının 17-də saat 17.20-də Təbriz universitetinin təsis edilməsinin 19-cu ildönümü (şahın hesabı ilə) münasibətilə universitetin yeni binasında – Tibb fakültəsinin akt zalında Şərqi Azərbaycan ostandarı (valisi) Səyyarinin, Güney Azərbaycanın Milli Şura Məclisindəki deputatlarından bir qrupun, ordu komandanının, idarə rəislərinin, şəhərin hörmətli şəxslərinin iştirakı ilə təntənəli bayram mərasimi keçirilmişdir. Məclisdə həmçinin İran parlamentinin sədri, Tehran Universitetinin professoru mühəndis Riyazi, Təhsil naziri Hidayəti və Tehran Universiteti professorlarından bir neçə nəfər iştirak etmişdir.8
Mərasimdə çıxış edən Şərqi Azərbaycan ostandarı demişdi: «Təbriz universiteti Azərbaycanda fars dili və ədəbiyyatını qorumaq baxımından çox həssas vəzifə yerinə yetirir».9 Ostandar öz çıxışında Azərbaycanı gen-bol tərifləyərək, Milli hökumət dövrünü bütün vasitələrlə pisləməyə səy göstərmişdi.
1966-cı ildə təhsil haqqı ödəmək sahəsindəki güzəştlər ləğv edilmişdir. Təhsil haqqı (şəhriyye) 8500-dən 10500 riyala qədər idi.10 Bu zaman universitetdə tibb və farmakologiya, filologiya, kənd təsərrüfatı, texnologiya (yol və tikinti), təbiət elmləri fakültələri fəaliyyət göstərirdi11 . Həmin il elan olunmuşdu ki, bundan sonra Azərbaycan müəllimlərinin eyni zamanda universitetdə təhsil almalarına icazə verilməyəcəkdir, çünki bu məktəblərdə tədrisin normal aparılmasına mane olur.12
Artıq 1966-ci ildə maliyyə çatışmazlığı üzündən Təbriz universitetinin müxtəlif fakültələrinə məxsus korpusların tikintisi dayandırılmışdı.13
Bununla belə 1966-cı ilin dekabr ayının 6-da Universitetin 20 illiyi təntənə ilə qeyd edildi.14 Təbriz universitetində öyrədilən ixtisasların sayı artmaqda idi. 1965-ci ildə tibb fakültəsinin farmakologiyadan ayrılması haqqında qərar qəbul edilmiş,15 1967-ci ildə texnologiya fakültəsində maşınqayırma ixtisası açılmış, stomatologiya fakültəsinin açılması haqqında qərar qəbul edilmişdi.16
1967-ci ilə aid məlumatlarda qeyd edilir ki, Filologiya və farmakologiya fakültələrinin tələbələri ilk dəfə olaraq xaricə elmi ekskursiyaya çıxacaqlar.17 Həmin il doktor Müntəziri Universitetə rektor təyin edilmiş,18 ölkə universitetləri tarixində ilk dəfə olaraq yaranmış neqativ vəziyyəti aradan qaldırmaq üçün rektorun bütün müavinləri, dekanlar və onların müavinləri dəyişdirilmişdi.19 Həmin ilin avqustunda baş nazir Abbas Hüveyda ikinci dəfə Təbriz universitetinə baş çəkmiş və tələbələr qarşısında çıxış etmişdir. O, 2 il əvvəlki gəlişi zamanı tikinti haqqında qəbul edilmiş planın yerinə yetirilmədiyini, tələbələrin sayının kafi olmadığını, bu il daha çox yerli gənclərin qəbul olunmasının zəruriliyini qeyd etmişdir.20
Həmin il universitetdə üç yeni institut – səhiyyə, botanika, tibbi resursların mühafizəsi institutları təsis edildi. Birinciyə 25 tələbə qəbul etmək nəzərdə tutulurdu, lakin digərləri haqqında hələlik qərar qəbul edilməmişdi.21
Çətinliklə də olsa, dövlət Təbriz universitetinin inkişafı üçün müəyyən addımlar atırdı. Qeyd edildiyi kimi, universitet Güney Azərbaycanın İrana inteqrasiya olunmasının, fars dilinin yayılmasının mühüm vasitələrindən biri idi. Fars dilinin Güney Azərbaycanda mövqeyinin möhkəmləndirilməsi Universitet rəhbərliyinin daim diqqət mərkəzində olmuşdur. Həmin məqsədlə 1971-1972-ci tədris ilində universitetin nəzdində Dil öyrənmə mərkəzi yaradıldı.22 Mərkəz qeyri-fars tələbələrin fars dilini mükəmməl bilməmələrindən doğan problemləri aradan qaldırmaq üçün təsis edilmişdi. Mərkəzin fəaliyyətində əsas rolu Ədəbiyyat fakültəsi oynayırdı. Fakültə öz elmi əsərlərini – elmi jürnalını artıq 1948-ci ildən nəşr etməyə başlamışdı.
Təbriz universitetinin Filologiya fakültəsinin elmi əsərləri universitetin elmi, ictimai, təhsil həyatı, fakültənin elmi fəaliyyətinin istiqaməti və xarakteri, tədqiqatların mövzuları, səviyyəsi və s. haqqında ətraflı məlumat verən ilkin mənbə tipli mühüm sənədlərdir.
Təbriz Universitetinin Filologiya və sonra Filologiya-sosiologiya fakültəsinin rüblük orqanı öz səhifələrində nədən yazılırdı?
Bizim nəzərdən keçirdiyimiz 220 məqalədən böyük əksəriyyəti – 135 yazı ümumi mövzulara həsr edilmişdir. Burada mədəniyyət, sosiolgiya, psixologiya, hətta geologiyaya dair yazılar yer almışdır. Yazılardan 55-i Azərbaycana aiddir. Nəzərdən keçirilən yazıların 20-si fars dili və ədəbiyyatı ilə, 10-u kürd mövzusu ilə bağlıdır.
Yuxarıda qeyd edildiyi kimi, bütövlükdə Təbriz Universiteti və xüsusən Filologiya fakültəsi Güney Azərbaycanda farslaşdırma siyasətini nəzəri, elmi, əməli cəhətdən əsaslandırmalı və möhkəmləndirməli idi. Buna hər şeydən əvvəl Universitetdə təhsil və elm dilinin fars dili olması xidmət edirdi. Universitet Təbrizin və bütövlükdə Güney Azərbaycanın ziyalı, mənəvi mühitinə güclü təsir göstərirdi və fars dilini bilməyin həm həyati vacibliyini, həm də cəlbediciliyini nümayiş etdirirdi. Təbriz Universiteti Güney Azərbaycanda fars dilinin statusunun qorunub saxlanmasında mənəvi və maddi marağı olan azərbaycanlı ziyalı təbəqəsinin formalaşmasına xidmət edirdi.
Filologiya fakültəsinin elmi araşdırmalarının əsas istiqamətlərindən biri S.Ə.Kəsrəvinin 20-ci illərin birinci yarısında irəli sürdüyü «Azəri dili» nəzəriyyəsini daha geniş şəkildə əsaslandırmaqdan, Güney Azərbaycanda fars dilinin mövqeyini, onun Azərbaycanda yaranan ədəbiyyatın əsas dili olduğunu hərtərəfli əks etdirməkdən, bununla da Azərbaycan-türk dilinin rolunu heçə endirməkdən və türk dili uğrunda mübarizənin mənasızlığını sübut etməyə çalışmaqdan ibarət idi.
Bu yöndə geniş fəaliyyət göstərən dörd müəllifin rolunu ayrıca qeyd etmək lazımdır. Bunlardan ikisi – Mənuçehr Mürtəzəvi və Əziz Dövlətabadi azərbaycanlı idi və birincisi «Azəri dili» nəzəriyyəsini geniş şəkildə əsaslandırmaqla, o birisi Azərbaycanda ədəbiyyatın fars dilində yaradıldığını sübut etmək məsələsi ilə məşğul idi. Hər ikisi öz çoxillik araşdırmalarnı bir yerə toplayaraq iri həcmli kitablar nəşr etdirdilər.23 Öz işində daha çox səy və ciddiyyət göstərən M.Mürtəzəvi hətta Təbriz Universitetinin rektoru vəzifəsinə də yüksələ bildi. Deməli, dəridən-qabıqdan çıxmağa dəyərmiş. Yalnız fars şovinizminə yüksək xidmət və sədaqəti sübut etdikdən sonra müəyyən vəzifəyə ümid etmək olardı. İkincisi, deyəsən, elə bir vəzifə sahibi ola bilmədi və zəhməti hədər getdi. Həm də Əziz Dövlətabadi öz yazılarını kitab halında nəşr edərkən xüsusi qeyd etmişdir ki, o, millət-etnos (M.Ə.Tərbiyət24 və Mehdi Müctəhidi25 kimi) prinsipindən yox, sırf Azərbaycan inzibati ərazi vahidi prinsipindən çıxış edir. Doğrudur, Ə.Dövlətabadi türkcə şer yazanların bir çoxunun adını qeyd etmişdir, ancaq onlar haqqında bir sətir də məlumat verməmişdir. İnanmaq olmur ki, bu ancaq senzuradan asıl idi və müəllifin heç bir təşəbbüsü olmamışdır.
«Azəri məsələsi» ilə iki fars da məşğul olmuşdur – Ədib Tusi və Mahyar Nəvvabi. Bununla belə onların fəaliyyəti miqyası, dərinliyi və ciddliyinə görə azərbaycanlıların fəaliyyəti ilə heç cür müqayisə oluna bilməz. M.Mürtəzəvi və Ə.Dövlətabadinin mövqeyində şəxsi təşəbbüsün mühüm rol oynadığı, hər şeyin şəraitin tələbindən asılı olmadığı ondan görünür ki, Q.H.Beqdeli və Q.Kəndlinin iri həcmli yazılarında açıq-aşkar və bəzən də üstüörtülü şəkildə türklük ideyası təbliğ edilirdi. Yəni redaksiya heyətinin, yaxud redaktorun həmişə fars şovinizmi mövqeyində dayandığını və jurnalın çox güclü senzuraya məruz qaldığını iddia etmək olmaz.
Bütövlükdə, qeyd edildiyi kimi, jurnalda getmiş 55 yazı bu və ya digər dərəcədə Azərbaycanla bağlıdır. Bunlardan 25-i ədəbiyyat mövzusunda (Əziz Dövlətabadi – 6, Qafar Kəndli – 9), 4-ü dil mövzusunda, qalanları tarix, sosiologiya, geologiya və s. mövzulardadır.
Ədəbiyyat sahəsinə aid məqalələr əsasən fars dilində yazıb-yaratmış şairlərin yaradıcılığı ilə bağlı idi. Lakin burada istisnalar da olurdu. Misal üçün, prof. Beqleyin Füzuli haqqında, Q.H.Beqdelinin Ə.Nəvainin «Fərhad və Şirin»i haqqında yazılarını göstərmək olar.
Hər şeyi obyektiv amillərlə bağlamaq doğru olmazdı, çünki həmişə mövcud reallıq daxilində müəyyən seçim azadlığı və müstəqillik imkanı olur. Elm vasitə olanda konyunktura, hədəf olanda obyektivlik yaranır. Azərbaycanlıların bir qismi məhdud imkanlardan öz məqsədləri üçün istifadə etməyə çalışdıqlarından, şəraitin tələblərini artıqlaması ilə yerinə yetirmiş, digərləri isə təzyiqi hiss etsələr də, elmilik və obyektivlikdən o qədər də uzaq düşməməyə çalışmışlar. Buna ən yaxşı nümunə S.H.Tağızadənin «Zərdüştün dövrü» məlaqəsidir. Müəllif məqalədə «Şahnamə»də ərəb sözlərindən az istifadə edilməsinin təbii tarixi səbəblərini açaraq, Firdrovsinin bu işi guya milli təəssübkeşlik mövqeyindən görməsi fikrini rədd edir. S.H.Tağızadə yazır: «Mənim məqsədim, əlbəttə, İran şairlərinin vətənpərvərlik hissləri olmadığını göstərmək deyil, lakin müasir dövrün üsulu ilə mubaliğəyə yol vermək də yaramaz və hisslərin təsiri altında obyektivlik ( həqiqətpərəstlik) yolundan uzaq düşmək olmaz».26
H.Hüseyn Naxçıvani Övliya Çələbinin Azərbaycana və Təbrizə səyahətinin tərcüməsini çap etdirməklə Azərbaycan məfhumu haqqında daha obyektiv təsəvvürün yaranmasına kömək edirdi. Məlum olduğu kimi, o vaxt da, indi də şovinistlər iddia edirlər ki. Azərbaycan adı guya ancaq Güney Azərbaycana aid olmuşdur. Övliya Çələbinin tərcüməsində deyilir: «Bu ölkə (Qarabağ – V.M.) Azərbaycan ölkələrindən biridir».27
Fars şovinizmin türklərə həqarətlə baxmasına ən yaxşı cavab d-r Ə.Təbatəbainin yazısında verilmişdir. Burada göstərilir ki, XVII əsrdə və XVIII əsrin əvvəllərində şərqşünaslıq ibri, ərəb və türk dillərini bilməkdən ibarət idi, İranı isə hələ tanıyan yox idi.28
Bizim nəzərdən keçirdiyimiz materiallar arasında Filologiya fakültəsinin hakim millətçilik siyasətinin həyata keirilməsindəki rolu jurnalda cəmi bir məqalə ilə çıxış etmiş xanım Rəfiqə Qənnadiyanın yazısının müqəddiməsində aydın şəkildə göstərilmişdir. Müəllif yazır: «Azərbaycanın qədim dilinə aid sənəd və abidələrin bərpası və nəşri üç istiqamətdə aparılır. Birinci, qədim azəri dilindən qalmış abidələrin toplanması və nəşri. İkincisi, indiki Azərbaycan dilində olan azəri və iran ünsür və materiallarının toplanması, aşkar və nəşr edilməsi. Üçüncüsü, Azərbaycanda hal-hazırda mövcud olan İran ləhcələri haqqında tədqiqat aparmaq və bu ləhcələrin Azərbaycanın qədim dili ilə əlaqələrinin hüdud və keyfiyyətini öyrənmək.»29
Başqa sözlə, əsas səylər Azərbaycan dilini öyrənmək əvəzinə, mövcud olmayan dilin varlığını sübut etməyə yönəldilmişdir. Bu, türk dilinin zorla qəbul etdirilmiş dil olduğunu isbat etmək üçün lazımdır. Yazı Mahyar Nəvvabinin təşviqi ilə yazılıb və yuxarıda qeyd edilən istiqamətlərdən ikincisinə həsr edilib. Müəllif qeyd edir ki, bu məsələ barəsində ilk dəfə Ərisəngi adlı birisi yazıb. Çıxarışda göstərilir ki, Ərisənginin yarısı jurnalın 1336-cı il 1 və 2-ci, 1337-ci il 1-ci nömrəsində çap olunmuş və 1337 (1958) də ayrıca kitabça halında nəşr edilmişdir. R.Qənnadiyan müştərək zərbülməsələlərin, ibarələrin və s. ancaq və ancaq fars dilindən götürülmə olduğunu sübut etməyə çalışır. Onun fikrincə, Azərbaycan dilindən fars dilinə heç bir zərbülməsəl, atalar sözü və s. qətiyyən keçə bilməzdi. Müştərəklik əslində fars dilinin təsiri kimi başa düşülür.
Müəllif yazısının sonunda 800 Azərbaycan atalar sözünün latın qrafikası ilə siyahısını verir. O zaman atalar sözlərinin latın qrafikası ilə siyahısını vermək bu dilin nə Cənubi Azərbaycan (ərəb əlifbası ilə verilməli idi), nə də Şimali Azərbaycanla (kiril əlifbası) əlaqəsi olmadığını, Türkiyəyə daha yaxın olmasını, yəni necə deyərlər, «ora malı» olduğunu qeyd etmək məqsədi daşıyırdı. Digər tərəfdən, əgər müəllif həmin sözləri ərəb əlifbası ilə versəydi, onda istər-istəməz Azərbaycan dilində yazı nümunələrinin sayını artırmış olardı və jurnalı oxuyanlar Azərbaycan atalar sözlərini oxumaq imkanı əldə edərdilər. Bir sözlə, hətta materialın verilmə forması da Azərbaycan dilinin əleyhinə yönəlmişdi. Amma bu günün prizmasından baxsaq, müəllifə «uzaqgörənliyinə» görə «afərin!» deməliyik, çünki fars jurnalına təmiz Azərbaycan əlifbası ilə mətn yerləşdirilmişdir.
Qafar Kəndlinin Xaqani ilə bağlı silsilə yazılarından birində30 böyük şairin türklüyü onun işlətdiyi obrazlı ifadələr, əks etdirdiyi inamlar, türk təfəkkür tərzi çərçivəsində düşünməsi ilə əsaslandırılır. Q.Kəndli yazırdı: «Xaqaninin bu kimi məktub və şerlərində türklərin və xüsusən Azərbaycan xalqının qədim etiqadları və alət-ənənəlrinə müəyyən cəhətdən işarə edilmişdir ki, hər baxımdan xüsusi əhəmiyyətə malikdir». Müəllif Ə.Xaqaninin işlətdiyi ifadələrin Təbriz dialektində indi də yaşadığını, işarə etdiyi etiqadın Azərbaycan xalqının milli və qəhrəmanlıq dastanı «Dədə Qorqud»da yer aldığını göstərir.
Qəribə vəziyyət yaranmamışdırmı? Gənc azərbaycanlı tədqiqatçı Azərbaycan dilində, onun sabit ifadələrində İran dilləri ünsürləri axtardığı halda, digər cavan tədqiqatçı Ə.Xaqaninin farsca yazmasına baxmayaraq, türk obrazlar sistemi ilə düşündüyünü irəli sürür. Üstəlik bunların hər ikisi eyni jurnalın səhifələrində çap olunur. Həm də jurnal Qafar Kəndlinin məqalələrini çap edərkən böyük təhlükəyə məruz qalırdı. Qafar Kəndli türk dilinin müstəqilliyini mübarizə bayrağı etmiş demokratlardan idi, İran üçün ən təhlükəli qonşu olan Sovet İttifaqında – Sovet Azərbaycanında yaşayırdı. Bununla belə jurnal onun məqalələrini ardıcıl surətdə çap edirdi. Bu hadisə bəzi məsələlərə başqa gözlə baxmağa səsləyir. Yəni məsələ təkcə İran dövlətinin milli siyasətində, güclü senzurasında deyildi. Məsələ həm də azərbaycanlıların milli yetkinlik səviyyəsində idi. Axı İranın özündə də türklük ideyası ilə (Səhənd. Sazımın sözü) türk dilində çoxlu kitablar meydana gəlirdi. Belə şəraitdə fars şovinizminə xidmətdə israr edən azərbaycanlı ziyalılar sadəcə olaraq ziyalı adını daşımağa layiq deyildilər. Əlbəttə, şəraitə və eləcə də ixtisasa görə fars dili və ədəbiyyatına xidmət etmək olar, lakin bu, qətiyyən milli dil və mədəniyyətin inkar edilməsinə yönəlməməlidir. Bizə belə gəlir ki, jurnalda təqaüdə çıxması münasibəti ilə haqqında məlumat verilən d-r Əbdürrəsul Xəyyampur belə azərbaycanlı ziyalılardan olmuşdur. Əvvəlcə İstambulda iranlılar məktəbinin müdiri olmuş və doktorluq dərəcəsini də orada almış Ə.Xəyyamnur 1947-ci ildən Təbriz universitetində çalışmış, 1969-cu ildə təqaüdə çıxmışdır. O, fars dilinin qrammatikasını yazmış, türk dilindən fars dilinə bir kitab və bir neçə məqalə tərcümə etmiş. «Fərhənge-soxənvəran» adlı 662 səhifəlik bioqrafik lüğət tərtib etmişdir.
Jurnalda d-r Həmid Sərhəngiyanın nəşr etdirdiyi məqalədə subyektiv məqsədin nədən ibarət olmasından asılı olmayaraq, müəllif Azərbaycan dilinin fonetikası haqqında doğru və ətraflı məlumat verir və göstərir ki. Azərbaycan dilinin özünəməxsus sabit qanunları var, farsca danışanda belə azərbaycanlı fars sözlərini həmin qanuna uyğun surətdə dəyişdirir.31
Burada İngiltərənin Derham universitetinin professoru H.R.K. Beqlinin Təbriz universitetində oxumaq üçün hazırladığı mühazirənin mətni haqqında da bir-iki kəlmə demək lazımdır.32 O yazır: «Nəsimi və «Xətai» təxəllüsü daşıyan Şah İsmayıl Səfəvinin əsərlərindən sonra Füzulinin türkcə yaratdıqları azəri türk dilindəki əsərlər sırasında mühüm yer tutur» . O daha əlavə edir: «Füzulinin həcmcə türk dilində əsərlərindən çox olan fars divanı və fars dilində olan digər əsərləri həmin qədər (türkcə əsərləri qədər – V.M.) yayılmamışdır». Amma müəllif Füzulinin Nəsimi və Xətai kimi sələflərinin adını çəksə də, fars şovinizminə uyaraq göstərir ki, guya Füzulinin ən böyük xidməti fars şer sənəti və mövzularını türk dilləri üçün asan həzm olunma, yəni başa düşülmə şəklinə salmasından ibarət olmuşdur. Beləliklə, müəllif Füzulinin böyüklüyünü, müstəqilliyini və orijinallığını şübhəyə alır, bununla da farsların könlünü şad edir. Əslində isə müəllif Füzulini yaxşı tanımadığını nümayiş etdirir.
Nəhayət, jurnalda gedən bir yazı haqqında da danışmaq yerinə düşərdi. Biz d-r Qulamhüsen Mərzabadinin «İranda məliküşşüəralıq» adlı məqaləsini nəzərdə tuturuq.33
Müəllif göstərir ki, hərbçi Nadir şah və Ağaməhəmməd Qacar şeir və şairə etina etmədiyindən bir müddət rəsmi məclislərdə mədhiyyə və sitayiş yaddan çıxmışdır. Bu iş yalnız Fətəli şah Qacarın hakimiyyəti illərində (1797-1834) bərpa olunmuşdur. Bu zaman uzun müddətdən bəri unudulmuş olan «məliküşşüəra» adı təsis edildi. Hətta Qəznəvi və Səlcuq sultanlarını saraylarında qəbul olunmuş şeir qiraətçisi seçmək ənənəsi də bərpa edildi. Buna görə şairlər müxtəlif yerlərdən Tehrana axışmağa və bu vəzifəyə çatmaq üçün böyük əmək sərf etməyə başladılar. Bu baxımdan Qaani və Süruş daha ciddi mübarizə aparırdılar.
Bu məqalədə türk sultanları və şahlarının fars dili, mədəniyyəti və şerinə xidmət mexanizmi aydın göstərilmişdir. Məhz buna görə də fars dili öz indiki vəziyyətinə görə, doğrudan da, türk hökmdarlarına borcludur. Farsların iddia etdiyi kimi, fars dili fars millətini qorumamış, türk sultan və şahları fars dilinin yaşaması və yayılması üçün geniş şərait yaratmışlar. Farsların iddia etdiyi kimi, fars dilinin yaşaması, yayılması və nəhayət, hakim dilə çevrilməsi bu dilin daxili qüdrəti, cəlbediciliyi, şirinliyi ilə deyil, türk hökmdarların bu dilə göstərdikləri himayə ilə bağlı idi. Buna cavab olaraq farslar soruşa bilərlər ki, niyə türk hökmdarları öz ana dillərini – türk dilini yox, fars dilini himayə edirdilər?
Bu, çox təbii sualdır və indiyə kimi bu sualın tutarlı cavabı tapılmayıbdır. Doğrudan da, bu sualın həqiqi cavabı tapılsaydı, onda İranda Azərbaycan dili indiki əzilən dil, qadağan olunan dil, «ikinci dərəcəli dil», «zorla qəbul etdirilən dil» vəziyyətindən çıxar və özünə layiq yer tutardı. Nə qədər ki, bu hadisə baş verməmişdir, yuxarıdakı sual üzərində baş sındırılmalıdır. Özü də ilk növbədə Azərbaycan dilinə qarşı qələm işlədən azərbaycanlı ziyalılar bu sualın cavabını axtarmalıdırlar. Onlar təklikdə özlərindən soruşmalıdırlar ki, niyə ana dilinin yüksəlməsinin, rəsmiləşməsinin əleyhinə olmuşlar. Əgər belə ziyalılardan biri bu suala hərtərəfli, dərin və ən başlıcası, səmimi cavab verərsə, onda farsların hökmdarlar barəsində sualına da cavab tapmaq asan olar.

Qeydlər:

1. 12 Şəhrivər. Təbriz, 1324. s. 48.
2. Salnameye-daneşgahe-Təbriz, sale-təhsiliye-1339-1340 (1950-1961) .s 2.
3. Yenə orada, s. 95
4. «Keyhan» qəz. 1. X.1962
5. Yenə orada 30.X. 1962
6. «Keyhan» qəz. 27.VI.1965
7. Yenə orada, 15.III.1966
8. Nəşriyeye-daneşkədeye-ədəbiyyate-daneşgahe-Təbriz (bundan sonra Təbriz ədəbiyyat fakültəsi – «TƏF» şəklində qeyd ediləcək), 1344, № 3, s. 403
9. Yenə orada, s. 406.
10. «Keyhan» qəzeti 12.IV.1966
11. Yenə orada, 25.IV.1966
12. Yenə orada, 24.V.1966
13. Yenə orada, 4.XII.1966
14. Yenə orada, 6.XII.1966
15. Yenə orada.
16. Yenə orada, 26.II.1967
17. Keyhan qəz.15.III.1967
18. Yenə orada, 25.VII.1967
19. Yenə orada, 26.VIII.1967
20. Yenə orada, 24.VIII.1967
21. Yenə orada, 30.VIII.1967
22. Ədəbiyyat fakültəsinin jurnalı, 1350, № 97-100, s. 427, 429.
23. M.Mortəzəvi. Zəbane-dirine-Azərbaycan. Tehran. 1361;
Əziz Dövlətabadi Soxənvərane-Azərbaycan. Təbriz. 1355
24. M.Ə.Tərbiyət Danişməndane-Azərbaycan.Tehran, 1935.
25. M.Moctəhedi Ricale-Azərbaycan dər əsre-məşrutiyyət. Təbriz, 1947.
26. S.H.Tağızadə. Zəmane-Zərdüşt.– TƏF, 1338, № 1, s. 29-38.
27. H.H.Naxçıvani. Tərcümə və təlxise-səyhətnameye-Övliya Çələbi be Azərbaycan və Təbriz. – TƏF, 1338, № 3, s. 261-301.
28. Ə.Təbatəbai. Nəgşe-Anketil dü Peron dər təmime-fərhənge-İran dər Fəranse. – TƏF, 1338 № 4, s. 390-401.
29. Rəfiqə Qənnadiyan. Təbirat və estelahat və əmsale-moştərəke-farsi və Azərbaycani. – TƏF, 1342, № 2, s. 147-181.
30. Qafar Kəndli. Xaqani Şirvani. – TƏF, 1347, № 4. s.399-419.
31. Həmid Sərhəngiyan. Moqabeleye-vajehaye-farsi və Azərbaycani bəraye-bərrəsiye-moşkelati naşi əz bərxorde-zəbanha. – TƏF, 1351, № 2 (102). s. 160-175.
32. F.R.C. Begley. Şaere-sezəbaneye-ətəbate-Erağe-Ərəb – Fozuli. – TƏF, 1351, № 3 (103). s.342-361.
33. Qulamhüseyn Mərzabadi. Məlekoş-şoərayi dər İran. – TƏF, 1351, № 1 (101), s.1-34.