(Məqalədən parçalar)

Azərbaycan ən qədim zamandan bəri yaşaya gəlmişdir. Məmləkətin əski hüdudu Xorasan, İsfahan, Diyarbəkir, Ərzincan, Qafqaz silsiləsi və Dərbənd şəhəri dairəsində böyük bir qitə təşkil eləyir. Azərbaycan uzun əsrlər müddətində bir çox millətlər afininə təsadüf edib də, ancaq zahiri-şəklinə təğyir verə bilmiş. Daxildə isə bütün istiqlali-milliyyəsini mühafizə edə durmuş. İstər ərəb, istər fars qılıncı Azərbaycanı başdan-başa istila etdikdə, onun ruh və mənəviyyatını heç bir zaman kəndilərinə tabe edəməmişlər. Ərəb və farsın yüksək mədəniyyətləri də Azərbaycanın milli xüsusiyyətlərilə mübarizə etmədə aciz qalmışlardır. Çünki azərbaycanlıların fitrətlərində öylə bir qüvvət var ki, o millətin daima sabit və mətin qalmasına və kəndisini qaib etməməsinə səbəb olmuş. O səbəblədir ki, tarixin uzun əsrlərində dəfələr ilə qəzaya uğrayıb idari şəklini dəyişdirən Azərbaycan yenə də istiqlaliyyət yoluyla getməyə başlayır, zaman və siyasi vəziyyətlər imkan verdikdə yenidən dövlət şəklinə düşməyə çalışır…

Azərbaycan türkü yalnız Qafqazda sakin olmayaraq İranın şimalını da işğal eləyir... Əsrlərdən bəri tarixi bir həyat sürən azərbaycanlıları İran və Rus arasında təqsim etməyi süniliyini daima duydururdu. Bunların milli, mədəni və iqtisadi rabitələri sabit duruyordu. Qısası, ayrı-ayrı idarələrə tabe olduqlarına baxmayaraq, daima bir ruh və bir vücuda mənsub olmalarını bildirirdilər. Qafqaz türkündə bir hərəkət baş göstərdikdə, eynilə İran Azərbaycanına sirayət ediyordu.
1905-ci rus inqilabına Qafqaz türkləri də iştirak etdilər. İran türkləri qafqazlı qardaşlarını təqlid edərək, İran istibdadına qarşı inqilab doğurdular. Bu inqilabda birinci rol oynayan Təbriz türkləri oldular. Türk qəhrəmanı Səttar xan Təbriz mücahidlərinə (hürriyyətçilərinə) qarşı göndərilən şah əsgərlərini məğlub edib, İranın məşrutiyyətli bir dövlət olmasına səbəb oldu.
Sonkı rus inqilabı da İrana sirayət etməmiş qalmadı. Qafqaz türkləri kəndilərinə muxtariyyət tələb etdikdə, bu ehtiyacı İran türkləri də eynilə hiss etdilər. Ədəmi-mərkəziyyət fikri İran Azərbaycanını başdan-başa dolaşıb keçdi. Son zamanlar İran və Qafqaz türklərinin ittihadı fikri də meydana çıxdı. Bolşeviklər zühurundan əvvəl Bakıda iranlı türkləri tərəfindən nəşr olunan “Azərbaycan” qəzetəsi türk ittihadının naşiri-əfkarı idi.
Hər nasılsa, şimdi Azərbaycan türkləri müttəhid bir halda qədim istiqlaliyyətlərini ehya etmək istəyirlər. Bu hərəkət Qafqazda və İranda tufan şəklini alıb. Avropa siyasiyunları kəndi faidələrini nəzəri-etibarə alaraq Azərbaycanı təqsim kibi süni bir əməliyyat icrasına şüru edərlərsə, böyük səhv yaparlar. Çünki canlı bir vücudu təşrih etmək bir o qədər də asan işlərdən deyil…

... Azərbaycan qadınının əsarəti İran pozuq mədəniyyətinin məhsuludur. O yerdə ki, İran təsiri sabitdir, orada qadın əsarəti də səltənət sürmədədir. Baxınız, şəhərlərimizdə qadın qapalıdır, köylərimizdə isə asudə və yüzü açıq bir surətdə erkəklər ilə bərabər tarlalarda çalışmadadırlar. Köy qadını yalnızbaşına bazara gəlir, alış-verişini yapar, gedər.
Şəhərlərdə qadının qapalılığı oralarda İran təsirinin mövcudiyyətidir. Bu fikrin doğruluğunu isbat etmək üçün Türküstan qövmlərinin həyatına müraciət edəlim.
Tarix göstəriyor ki, türkmanlar (təkələr) daima iranlılar ilə müharibə və mücadilədə bulunmuşlar. Şimdi də onların arasında tarixi kin duruyor. İran heç bir zaman cəngavər türkmanı kəndisinə tabe edəməmişdir…

Qeyd: Böyük ədibimiz Yusif Vəzir Çəmənzəminlinin (1887-1943) “Azərbaycan və azərbaycanlılar” məqaləsi ilk dəfə 1918-ci ildə Krımda çıxan “Millət” qəzetində çap olunmuşdur.